DÜNYA


Avstriyada təkrar prezident seçkilərinin vaxtı dəyişdirilə bilər

A+ A

Vyana, 9 sentyabr, AZƏRTAC

Avstriyada oktyabrın 2-nə təyin edilmiş təkrar prezident seçkilərinin vaxtı dəyişdirilə bilər.

Bu barədə məlumatı Avstriyanın daxili işlər naziri Volfqanq Sobotka mətbuat açıqlamasında bildirib. Onun sözlərinə görə, səsvermə hüququndan məktub vasitəsilə iştirak etmək istəyən seçicilərə göndərilmiş zərflərdə texniki qüsurlar aşkarlanıb və bu da həmin zərflərdəki seçki vərəqələrinin etibarsız sayılması ilə nəticələnə bilər. Zərflərin bağlanması üçün istifadə edilən yapışqan maddənin tərkibinin keyfiyyətsiz olması poçt vasitəsilə seçki məntəqəsinə çatanadək zərfin tam şəkildə bağlı qalmasını təmin etmədiyi üçün təkrar prezident seçkilərinin başqa vaxta keçirilməsi zərurəti yaranıb. Texniki qüsurlara görə ölkə əhalisindən üzr istəyən daxili işlər naziri müvafiq yoxlamalardan sonra növbəti həftə ərzində seçkinin vaxtının dəyişdirilməsi barədə qərar veriləcəyini bildirib.

Qeyd edək ki, prezident seçkilərinin mayın 22-də keçirilən ikinci turunun nəticələri sayılarkən 70 mindən artıq seçicinin səsi düzgün hesablanmayıb. Məktubla səs verən seçicilərin səslərinin qanunsuz olaraq vaxtından əvvəl hesablanmasını və bir sıra seçki məntəqələrində səslərin qeyri-düzgün qeydə alınmasını, xüsusilə məktubla təqdim olunan seçki vərəqələrinin düzgün sayılmamasını əldə əsas tutan Avstriya Azadlıq Partiyası Konstitusiya Məhkəməsinə müraciət edərək seçkinin nəticələrinin bütün ölkə üzrə ləğv olunmasına nail ola bilib. İndi isə zərflərin istehsalı zamanı yaranmış texniki qüsur seçki prosesinin taleyini növbəti dəfə şübhə altına salıb.

Prezident seçkilərinin mayın 22-də keçirilmiş ikinci turunda səs vermiş 4,47 milyon seçicinin 18,8 faizi bu hüquqdan məktub vasitəsilə istifadə edib. Əhalinin seçki fəallığını yüksəltmək və qeyri-bürokratik şəkildə öz səsvermə hüququndan yararlanmaq məqsədilə 2007-ci ildən qüvvəyə minən məktubla səsvermə hüququ əhali tərəfindən getdikcə geniş istifadə edilsə də, onun hüquqi aspektləri mütəxəssislər və siyasətçilər arasında mübahisələrə səbəb olur.

Seçkilərin vaxtının dəyişdirilmə ehtimalını nəzərə alaraq hər iki namizəd - Yaşıllar partiyasının keçmiş rəhbəri, müstəqil namizəd Aleksandr Van der Bellen və Avstriya Azadlıq Partiyasının namizədi, Avstriya Parlamenti sədrinin üçüncü müavini Norbert Hofer seçki kampaniyasını dayandırıblar. Vaxtın dəyişdirilməsi barədə qərar veriləcəyi təqdirdə təkrar prezident seçkiləri bu il noyabrın ortalarında baş tutmalıdır.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.