DÜNYA
Avstriyada təkrar prezident seçkilərinin vaxtı dəyişdirilib
Vyana, 12 sentyabr, AZƏRTAC
Avstriyada prezident seçkilərinin təşkili ilə bağlı hüquqi-texniki problemlər silsiləsi davam etməkdədir. Avstriyanın daxili işlər naziri Volfqanq Sobotka sentyabrın 12-də keçirilən mətbuat konfransında oktyabrın 2-nə təyin edilmiş təkrar prezident seçkilərinin vaxtının dəyişdirildiyini elan edib.
Mərkəzi seçki komissiyasının rəhbəri funksiyasını daşıyan nazirin sözlərinə görə, səsvermə hüququndan məktubla istifadə etmək istəyən vətəndaşlara göndərilmiş zərflərdəki texniki qüsurlar seçkilərin düzgün və qanunauyğun baş tutmasını təmin edə bilmir. Buna görə də seçkiləri təşkil edən mərkəzi qurum olaraq Daxili İşlər Nazirliyində təkrar seçkilərin dekabrın 4-də keçirilməsi barədə qərar qəbul olunub.
Daxili işlər naziri mətbuat konfransında yaranmış texniki nasazlıq və vaxtın dəyişdirilməsinə görə Avstriya xalqından, eləcə də prezidentliyə namizəd olan hər iki siyasətçidən və onların tərəfdarlarından üzr istəyib.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana