DÜNYA
Avstriyada yük maşınında 50-dək cəsəd aşkarlanıb
Vyana, 28 avqust, AZƏRTAC
Avstriyanın Burqenland əyalətinin Parndorf qəsəbəsi yaxınlığında faciəvi hadisə qeydə alınıb. Avqustun 27-də bu qəsəbə yaxınlığından keçən avtomagistralın kənarında park edilmiş şübhəli soyuducu yük maşını müşahidə edilib. Əraziyə cəlb edilmiş polis əməkdaşları maşının yük hissəsində 50-dək meyit aşkarlayıblar.
Ilkin məlumatlara əsasən, Macarıstan ərazisindən Avstriyaya daxil olmuş yük maşınında qaçaq yolla Avropaya gətirilən qaçqınlar olub. Soyuducu maşının yük yerindəki insanların sayı, onların hansı səbəbdən həlak olması məhkəmə tibbi ekspertizasında müəyyən ediləcək. Ehtimal olunur ki, qaçqınlar maşın hələ Macarıstan ərazisində olarkən, yəni bir neçə gün əvvəl həlak olublar.
Burqenland Əyalət Polis İdarəsinin direktoru Hans Peter Diskotsil mətbuat konfransında bildirib ki, maşının aid olduğu şirkət və sürücünün müəyyən edilməsi üçün macar polisi ilə əməkdaşlıq şəraitində təhqiqat aparılır.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana