Avstriyadan sığınacaq istəyən şəxslərin sayı kəskin şəkildə azalıb
Vyana, 27 dekabr, AZƏRTAC
2017-ci ildə Avstriyadan siyasi sığınacaq istəyən şəxslərin sayı son illərdə ən aşağı həddə düşüb. Bu il noyabrın sonunadək cəmi 19 min nəfərin sığınacaq ərizəsi Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən baxılmaq üçün qəbul edilib. 2016-cı ildə isə bu ölkədən sığınacaq almaq istəyən qaçqınların sayı təxminən 40 min nəfər olub.
AZƏRTAC Avstriyanın “Ö1” radiosuna istinadla xəbər verir ki, Avstriyadan sığınacaq əldə etmək üçün ən yüksək şans Suriya vətəndaşlarına məxsusdur. Sığınacaq üçün müraciət edən suriyalıların 90 faizi öz ərizələrinə müsbət cavab alıblar. Əfqanıstan vətəndaşlarının isə təxminən üçdəbir hissəsi sığınacaq statusunu əldə edə bilib.
Daxili İşlər Nazirliyinin rəsmisi Karl-Haynts Qrundbök radioya verdiyi müsahibədə ötən illər ərzində sığınacaq üçün müraciət etmiş 38 min şəxsin müraciətinin hələ də birinci instansiyada baxıldığını bildirib.
Nazirliyin əməkdaşı, həmçinin deyib ki, bu il ərzində 1385 nəfərə humanitar əsaslar üzrə ölkədə yaşama icazəsi verilib. Bu şəxslər sığınacaq üçün yetərincə siyasi səbəbi olmayan, lakin yerli cəmiyyətə inteqrasiya etmiş qrupa daxildir. Həmin qrupda əsas yeri Rusiya, sonrakı yeri isə Serbiya vətəndaşları təşkil edir.
Sığınacaq müraciətlərinin azalması ilə yanaşı, 2017-ci ildə deportasiya edilən şəxslərin sayı iki dəfə artıb. 2016-cı ildə 3841 nəfər Avstriyadan deportasiya edildiyi halda, bu il həmin göstərici 5788 nəfərə çatıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana