MƏDƏNİYYƏT
Avstriyanın “Travel4you” jurnalında Bakıya həsr olunan məqalə dərc edilib
Vyana, 10 aprel, AZƏRTAC
Avstriyanın turizm sektorunda aparıcı jurnallarından olan “Travel4you” jurnalının növbəti nömrəsində Bakıya və bu şəhərdə keçirilmiş V Beynəlxalq Humanitar Foruma həsr olunan məqalə dərc edilib.
Jurnalın redaktoru Ursula Lanqın qələmə aldığı “Küləklər şəhəri” adlı məqalədə müəllif V Beynəlxalq Humanitar Foruma dair fikirlərini və həmçinin böyük turizm potensialına malik Bakı şəhərinin görməli yerlərinə dair təəssüratlarını oxucularla bölüşür.
Məqalənin girişində qeyd edilir ki, ötən ilin payızında Azərbaycan qısa müddətə dünya hadisələrinin mərkəzi nöqtəsində dayandı. Ölkənin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilən növbəti Beynəlxalq Humanitar Forumda dünyanın humanitar, iqtisadi və mədəni hadisələri əsas müzakirə mövzularına çevrildi. Qlobal elmi və siyasi platformaya çevrilmiş bu Forumun məqsədi humanitar problemlərdən çıxış yollarını axtarmaq və humanitar məsələləri qlobal öhdəliklərin ən ön cərgəsinə çıxarmaqdan ibarətdir.
Müəllif qeyd edir ki, Forumda tanınmış siyasətçilər, Nobel mükafatı laureatları, beynəlxalq təşkilatların və QHT-lərin rəhbərlərinin qatıldığı sessiyalarda humanitar problemlərlə bağlı mövcud və gələcəkdə yaranacaq çağırışlar, eləcə də onların həlli üçün əməkdaşlıq imkanları ətrafında debatlar aparılıb. Forum çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyi tərəfindən “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” mövzusunda “dəyirmi masa” keçirilib. Forumda iştirak sayəsində praktiki və nəzəri bilikləri digər iştirakçılarla bölüşdüyünü qeyd edən müəllif həmin fikir və ideyaları Avropa məkanına gətirmək imkanı əldə etdiyini yazır.
Məqalədə, həmçinin Bakının gəzməli-görməli yerləri, turizm potensialı və xarici qonaqlar üçün yaradılmış şərait barədə geniş məlumat verilir. “Bu gözəl ölkəni mədəni turda iştirak etmədən tərk etmək çox məyusedici olardı”, - deyə vurğulayan müəllif Bakı gəzintisi haqqında oxuculara ətraflı məlumat verir. Bir daha “Odlar yurdu”nun qonaqlara təqdim etdiyi əsrarəngizliklərdən məmnun qaldığını qeyd edən U.Lanq qonaqlar üçün burada hər cür şəraitin mövcud olduğunu, istənilən vaxt bu şəhərdə insanın özünü əmin hiss etdiyini diqqətə çatdırıb.
Məqalənin sonunda bildirilir ki, gələcəyin regionu olan Azərbaycanı hər zaman səyahət və toplantılar məkanı kimi tövsiyə etmək mümkündür. İstər tətil olsun, istərsə də konfranslar – bir dəfə Azərbaycana səfər etdikdən sonra insan mütləq bir daha bu yerlərə geri qayıdır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana