İQTİSADİYYAT


Avstriyanın ali məktəbləri Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığa maraq göstərir

Bakı, 18 iyul, AZƏRTAC

Avstriyanın ali məktəbləri SOCAR-ın təsis etdiyi Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığa açıqdırlar.

Bu fikir SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin Avstriya Respublikasının federal ailə və gənclər naziri Sofi Karmasinin başçılıq etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə səsləndirilib.

SOCAR-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti Gerald Gerstbauer, Avstriya federal nazirinin kabinet rəisi Maria Han-Blaybtroy, federal nazirin kabinetinin Avropa İttifaqı və beynəlxalq əlaqələr üzrə əməkdaşı Ştefani Qnesda və başqa rəsmi şəxslər də iştirak edib.

SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə Azərbaycanın qədim neft diyarı olduğunu söyləyib, dənizdə neft yataqlarının kəşfiyyatına və istismarına ilk dəfə Azərbaycanda başlanıldığını bildirib. Qonaqlara son illər ölkədə həyata keçirilən qlobal və regional əhəmiyyətli neft-qaz layihələri haqqında ətraflı məlumat verilib, həmin layihələr çərçivəsində əldə olunan nailiyyətlərdən söz açılıb.

Görüşdə Azərbaycan qazını Avropa ölkələrinə nəql edəcək Cənub Qaz Dəhlizi layihəsinin beynəlxalq dəstək qazandığı vurğulanıb. R.Hüseynzadə, eyni zamanda, Azərbaycanda ekoloji hərəkatın dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildiyini qeyd edib. O, son illərdə SOCAR tərəfindən həyata keçirilmiş uğurlu ekoloji layihələr, bu sahədə BMT, Dünya Bankı ilə həyata keçirilmiş beynəlxalq əməkdaşlıq, eləcə də planlaşdırılan işlər haqqında qonaqlara geniş məlumat verərək bildirib ki, SOCAR atmosferə atılan qaz həcmlərinin azaldılması istiqamətində BP və Dünya Bankı ilə birlikdə bir sıra uğurlu layihələrə imza atıb. SOCAR tərəfindən gənclər üçün həyata keçirilən kadr hazırlığı proqramlarından və kadr siyasətində gender bərabərliyindən bəhs edən R.Hüseynzadə Azərbaycanda bu məsələlərə böyük önəm verildiyini söyləyib.

Avstriya Respublikasının federal ailə və gənclər naziri Sofi Karmasin qəbul üçün təşəkkürünü bildirib və Azərbaycan və Avstriya arasında ikitərəfli əlaqələrin getdikcə genişləndiyini vurğulayıb. S.Karmasin və nümayəndə heyətinin üzvləri iki ölkə arasında əlaqələrin inkişafından məmnunluqlarını ifadə edib, Azərbaycanda sosial və iqtisadi sahədə aparılan islahatları, habelə sosial-iqtisadi inkişaf proseslərində qadınların kişilərlə bərabərhüquqlu iştirakının təmin olunması, gənclərin məşğulluğu istiqamətində görülən işləri yüksək dəyərləndirib.

S.Karmasin Avstriyanın ali məktəblərinin SOCAR-ın təsis etdiyi BANM ilə əməkdaşlığa açıq olduqlarını söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.