Avstriyanın qərb regionlarında qar uçqunu təhlükəsi ən yüksək həddə çatıb
Vyana, 22 yanvar, AZƏRTAC
Alp dağlarında güclü qar, sulu qar və yağışın yağması Avstriyanın qərb regionlarında qar uçqunu təhlükəsini ən yüksək həddə çatdırıb.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Metrologiya və Geodinamika İdarəsi 1999-cu ildən bəri ilk dəfə qar uçqunu təhlükəsi ilə bağlı ən yüksək beşinci pillə həyəcanı elan edib. Avstriyanın Tirol və Vorarlberq əyalətlərindəki bir sıra xizəksürmə mərkəzi ilə yanaşı, İsveçrənin Zermatt xizək regionuna gedən yollar bağlanıb.
Metroloqlar 1500 metrdən yüksək dağlıq ərazilərdə bu gün gecə 50-80 sm qalınlığında əlavə qar yağacağını proqnozlaşdırırlar. Həftənin ortalarından etibarən Qərbi Avstriyada hava şəraitinin sabitləşməsi nəticəsində yenidən avtomobil və dəmiryolları öz fəaliyyətlərini bərpa edə biləcəklər.
Hazırda Avstriyanın Tirol əyalətində bir sıra xizəksürmə regionları ilə (Kappl, İşql, Qaltür və s.) avtomobil yolu vasitəsilə əlaqə kəsilib. Həmin məntəqələrdə on mindən artıq turist olduqları ərazini tərk edə bilmirlər.
Mərkəzi Metrologiya və Geodinamika İdarəsinin iqlimşünası Aleksander Orlik hava şəraiti ilə bağlı bildirib ki, bu il Avstriyanın qərb bölgələrində super qış mövsümü gözlənilir. Belə ki, bəzi ərazilərdə bu ilin qış mövsümü ərzində ümumilikdə 480 sm qalınlığında qar yağıb və bu göstərici mövsümün başa çatmasına xeyli qalmış orta illik qar kütləsini (447 sm) üstələyib.
Metroloji xidmət həm yerli əhali, həm də turistləri qar uçqunu təhlükəsinə qarşı diqqətli olmağa, təhlükəsizlik tədbirləri görülməmiş zolaqlarda hərəkət etməməyə və dağlıq ərazilərdə hərəkət edərkən xəbərdarlıqedici texniki vasitələri özləri ilə götürməyi tövsiyə ediblər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana