DÜNYA
Avstriyanın vitse-kansleri istefa verib
Vyana, 10 may, AZƏRTAC
Avstriyada bir neçə gündən bəri davam edən hökumətdaxili gərginlikdən sonra bu ölkənin vitse-kansleri və Avstriya Xalq Partiyasının sədri Raynhold Mitterlener tutduğu vəzifədən istefa verdiyini bəyan edib.
Tutduğu bütün rəsmi vəzifələrdən istefa verdiyini elan edən R.Mitterlener səbəb kimi həm koalisiya tərəfdaşı Avstriya Sosial-Demokratlar Partiyası, həm də rəhbərlik etdiyi partiya daxilində gedən proseslərlə əlaqələndirib. Koalisiya tərəfdaşı olan iki partiya arasındakı gərginlik mətbuatda növbədənkənar seçkilərin keçirilməsi və ya hökumətin istefaya gedəcəyi barədə xəbərlərin yer almasına gətirib çıxarmışdı.
Avstriyanın kansleri və Avstriya Sosial-Demokratlar Partiyasının rəhbəri Kristian Kern vitse-kanslerin istefasından sonra da koalisiyanın davam etdirilməsində maraqlı olduqlarını ifadə edib.
R.Mitterlenerin postuna ən real namizəd Avstriyanın xarici işlər naziri Sebastian Kurts hesab olunur.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana