İQTİSADİYYAT
Avtobus və yük avtomobilləri ilə bağlı baş vermiş yol-nəqliyyat hadisələrinin sayında azalma müşahidə olunur
Bakı, 19 dekabr, Ceyhun Rüstəmov, AZƏRTAC
Bu ilin 10 ayında avtobus və yük avtomobilləri ilə bağlı baş vermiş yol-nəqliyyat hadisələrinin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma müşahidə olunub.
Nəqliyyat Nazirliyinin Nəqliyyatda təhlükəsizlik şöbəsinin müdiri Kazım Şərifov AZƏRTAC-a bildirib ki, ümumiyyətlə davamlı olaraq avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları istiqamətində zəruri tədbirlər həyata keçirilir. Sərnişin və yük daşımalarında fəaliyyət göstərən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol verilmiş qayda pozuntuları Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən aşkar olunur və Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən araşdırılaraq pozuntuya yol vermiş daşıyıcılara qarşı müvafiq tədbirlər görülür. Bu tədbirlər nəticəsində ötən 10 ayda yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 22,7 faiz, yaralananların sayı isə 7,9 faiz azalıb.