CƏMİYYƏT


Avtomobil qaçıran şəxs saxlanılan zaman polis əməkdaşına xəsarət yetirib VİDEO

Bakı, 3 iyul, AZƏRTAC

Baş verən, elə də əvvəlcədən hazırlanan cinayətlərin qarşısının alınması, həmçinin operativ şəkildə açılması istiqamətində Daxili İşlər Nazirliyinin ayrı-ayrı orqan və hissələri arasında əlaqəli iş prinsipi hər zaman öz müsbət nəticələrini verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu il iyunun 30-dan iyulun 1-nə keçən gecə Nəsimi rayonunda yaşayan vətəndaş Əhməd Məmmədova məxsus “VAZ-2102” markalı avtomobil naməlum şəxs tərəfindən qaçırılıb.

Məlumat daxil olan kimi DİN Növbətçi Hissələrin İdarəetmə Xidməti (NHİX) Təhlükəsiz Şəhər Xidmətinin (TŞX) kameraları vasitəsilə avtomobilin paytaxt ərazisində axtarışına başlanılıb.

İyulun 1-i səhər saatlarında TŞX əməkdaşları tərəfindən qeyd edilən nəqliyyat vasitəsinin Yasamal rayonu Nəriman Nərimanov prospekti ilə hərəkətdə olması aşkar edilib və həmin avtomobilin izlənilərək saxlanılması üçün aidiyyəti üzrə digər polis orqanlarına məlumat verilib. Avtomobili qaçırmaqda şübhəli bilinən şəxs Nəsimi rayonu Rəşid Behbudov küçəsində saxlanılan zaman sürücü avtomobildən düşərək qaçıb.

Cinayət törədən şəxsin təqibini davam etdirən Nəsimi Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidməti Bölüyünün (PPXB) əməkdaşları avtomobili qaçırmaqda şübhəli bilinən şəxsi təqib edən zaman, o üzərində gəzdirdiyi kəsici alətlə polislərdən birinə xəsarət yetirib. Amma polis yaralı olmasına baxmayaraq çevikliyi sayəsində həmin şəxsin təqibini davam etdirərək onu zərərsizləşdirməyə nail olub və aidiyyəti üzrə Nəsimi RPİ-nə təhvil verib.

İdarədə araşdırma aparılan zaman qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəxsin əvvəllər məhkum olunmuş Ağdaş rayon sakini Qabil Nağıyev olması müəyyən edilib.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.