İQTİSADİYYAT
Avtomobil yanacağı üzrə standartların formalaşdırılması ilə bağlı təcrübə mübadiləsi
AZƏRTAC xəbər verir ki, Azərbaycan və Moldova arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının protokolunun 6-cı bəndinin icrası çərçivəsində təşkil olunan seminar
avtomobil yanacağı sahəsində standartların uyğunlaşdırılması və yanacağın keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır. Tədbirin digər məqsədi avtomobil yanacağı üzrə standartların formalaşdırılması ilə bağlı Azərbaycan-Moldova mütəxəssisləri arasında təcrübə mübadiləsi aparılmasıdır.
Komitənin aparat rəhbəri Elçin Quliyev vurğuladı ki, aparılmış iqtisadi və sosial islahatlar nəticəsində Azərbaycanda keyfiyyət infrastrukturunun müasir səviyyədə inkişafı təmin edilib, neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi ilə bu sahənin inkişafında da ciddi nailiyyətlər qazanılıb.
Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) direktoru Mahmud Qubatov Azərbaycanda neft məhsullarının keyfiyyətinin yüksəldilməsi və bu sahədə görülən ardıcıl işlər barədə məlumat verdi. Bildirildi ki, 2012-ci ildən AzTEST-in nəzdində müasir avadanlıqlarla təchiz olunmuş neft-qaz və neft-kimya məhsullarının sınaq laboratoriyası fəaliyyət göstərir. Bu laboratoriya məhsulların həm fiziki, həm də kimyəvi parametrlərini müəyyənləşdirir. Biz öz təcrübəmizi moldovalı həmkarlarımızla bölüşməyə hazırıq, - deyə mərkəzin direktoru vurğuladı.
Moldova Respublikasının Sertifikatlaşdırma üzrə Texniki Mərkəzinin mütəxəssisləri öz təcrübələrindən danışdılar.
Seminarda kadrların təlimi, avtomobil yanacağının sertifikatlaşdırılması və bu sahədə mövcud standartlarla bağlı fikir mübadiləsi aparıldı.