İQTİSADİYYAT
Avtomobil yollarında təmir-bərpa və təmizlik işləri aparılır VİDEO
Bakı, 18 mart, AZƏRTAC
Yazın gəlişi ilə əlaqədar olaraq “Azəravtoyol” ASC payız-qış mövsümündə yağan yağıntılar və intensiv hərəkət nəticəsində respublika avtomobil yollarının, küçə və prospektlərin hərəkət hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işlərinə başlayıb.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol”un mətbuat xidmətindən bildirilib.
Təmir-bərpa işləri zamanı deformasiyaya uğramış və dağılmış hissəyə yeni asfalt-beton örtüyü döşənir. İşlərin tez bir zamanda yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
Bundan başqa, palçıq və toz basmış körpü və yol elementlərinin xüsusi təyinatlı işçi qrupu tərəfindən də təmizlənməsi işləri aparılır.
Sözügedən işlər zamanı körpülərin məhəccərləri, dayaqları, səs boğucular, tunellərin divarları, yol nişanları, işıqəksetdiricilər, əyri xətli dəmir tirlər, səki daşları və s. xüsusi təyinatlı maşınlar vasitəsilə təzyiqli su verilərək yuyulur.
Havaların sabit keçməsi ilə əlaqədar olaraq “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks işlər çərçivəsində yol kənarlarında və yol ayrıcında olan səki daşları təmizlənir, zədələnmiş əyri-xətli dəmir tirlər və işıq əksetdiricilər bərpa edilir.