CƏMİYYƏT
Avtomobilin gizli saxlanc yerlərindən tapılan siqaretlər müsadirə edilib
Bakı, 4 may, AZƏRTAC
Avtomobilin gizli saxlanc yerlərindən tapılan siqaretlər müsadirə edilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ -21012” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobilin salonunda ayaqaltılarının altından və arxa oturacağın içərisində xüsusi düzəldilən gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilən, üzərində aksiz markası olmayan 3800 ədəd “Winston XS” və 1600 ədəd “Parliament Aqua Blue” markalı siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.