CƏMİYYƏT
Avtomobillərə texniki xidmət üzrə kursu bitirən gənclərə sertifikatlar verilib
Bakı, 29 noyabr, Günel Məlikova, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İlboyu bilik” proqramı çərçivəsində “Auto Azərbaycan” MMC Bakının bir sıra kəndlərində yaşayan gənclər üçün avtomobillərə texniki xidmət üzrə usta hazırlığı kurslarında ödənişsiz təlimlər keçib.
Noyabrın 29-da Bilik Fondunda kursu uğurla başa vuran gənclərə sertifikatlar təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Fondun aparat rəhbəri İsaxan Vəliyev bu qurumun təşkilatçılığı ilə Nardaran və Maştağadan olan, avtomobil ustalığına maraq göstərən, müəyyən bilik və praktik bacarığa malik gənclərin bu kursa cəlb edildiklərini bildirib. Qeyd olunub ki, ötən il Qax Bilik Evində Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı rayonlarından olan, hərbi xidmət keçmiş, avtomobil ustalığına maraq göstərən gənclər avtomobillərə texniki xidmət üzrə usta hazırlığı təlimi keçiblər. “Auto Azerbaijan” şirkətinin Bakıdakı təlim mərkəzində keçirilən sınaq imtahanında uğurlu nəticələr göstərən 15 gənc ilk mərhələdə şirkətin tədris mərkəzində, sonra isə Şəki və Qaxda təcrübəli ustalardan dərs alıblar.
Fondun icraçı direktoru Oqtay Səmədov rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələrlə bağlı ətraflı məlumat verib, “Auto Azərbaycan” MMC ilə əməkdaşlığın davamlı olacağına əminliyini bildirib. Azərbaycanın müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən bilik evləri haqqında danışan O.Səmədov, burada gənclərin və yeniyetmələrin dünyagörüşünün hərtərəfli inkişafı üçün geniş şərait yaradıldığını, bu kimi müxtəlif kursların təşkil edildiyini, mütəmadi olaraq ədəbiyyat, incəsənət və dövlət xadimləri ilə maraqlı görüşlərin keçirildiyin bildirib. İcraçı direktor bilik evlərində gənclərə elmi biliklərlə yanaşı, peşə vərdişlərinin də aşılandığını vurğulayıb.
Təlim Mərkəzinin rəhbəri Tural İsmayılov Bilik Fondunun təşkilatçılığı ilə keçirilən təlimlərdə gənclərin həvəslə iştirak etdiklərini diqqətə çatdırıb. Bildirilib ki, təlimin nəticələrinə görə fərqlənən iki gənc artıq “Auto Azərbaycan” MMC-də, digərləri isə müxtəlif avtomobillərə texniki xidmət müəssisələrində işlə təmin olunub.
Gənclər yaradılan şəraitə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
Tədbirdə yeni layihələrlə bağlı maraqlı təkliflər irəli sürülüb.
Sonda kursu bitirmiş gənclərə sertifikatlar təqdim olunub.