İQTİSADİYYAT


Avtonəqliyyat vasitələrinin oğurlanmasına qarşı mübarizə məsələləri müzakirə edilib

A+ A

Minsk, 30 noyabr, AZƏRTAC

Belarusun paytaxtında, MDB İcraiyyə Komitəsində avtonəqliyyat vasitələrinin oğurlanmasına qarşı mübarizədə və onların geri qaytarılmasının təmin edilməsində Birliyin iştirakçısı olan ölkələrinin əməkdaşlığı haqqında 2005-ci il 25 noyabr tarixli Sazişə dəyişikliklər edilməsi barədə protokol layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçirilib. Bu barədə AZƏRTAC-a Qurumun Minskdəki Qərargahından məlumat veriblər.

Avtonəqliyyat vasitələrinin oğurlanması mülkiyyətçilərə və dövlətə ciddi ziyan vurur. Oğurlanmış avtonəqliyyat vasitələrindən isə terrorçu, kriminal və digər qanunazidd hərəkətlər üçün istifadə edilə bilər. Bu cür oğurluqlar artıq transmilli xarakter alıb və belə cinayətlərə qarşı mübarizə yalnız bütün əlaqədar tərəflərin qarşılıqlı fəaliyyəti sayəsində səmərəli ola bilər.

MDB ölkələrinin hökumət başçıları məhz bundan çıxış edərək və avtonəqliyyat vasitələrinin oğurlanmasının qarşısının alınması və onların geri qaytarılmasının təmin edilməsi üçün razılaşdırılmış tədbirlərin həyata keçirilməsinin vacibliyini başa düşərək, 2005-ci ildə əməkdaşlıq haqqında müvafiq Saziş imzalayıblar.

Sənəddə nəzərdə tutulub ki, tərəflər beynəlxalq öhdəliklərə və milli qanunvericiliyə riayət etməklə, avtonəqliyyat vasitələrinin oğurlanması ilə bağlı cinayətlərin qabaqlanması, üzə çıxarılması, qarşısının alınması, açılması və araşdırılması, onların axtarışı və geri qaytarılmasının təmin edilməsi sahəsində qarşılıqlı fəaliyyət göstərəcəklər.

Sazişdə bu sahədə əməkdaşlıq mexanizmləri göstərilib, bu əməkdaşlığın həyata keçiriləcəyi səlahiyyətli orqanlar, avtonəqliyyat vasitələri haqqında məlumat bazasının parametrləri, avtonəqliyyat vasitəsinin geri qaytarılması haqqında sorğunun forması, avtonəqliyyat vasitəsinə mülkiyyət hüququ haqqında fiziki və hüquqi şəxslər arasında mübahisələrin həlli və saziş tərəflərinin öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı xərclərin təmin edilməsi mexanizmləri müəyyən olunub.

Sazişə dəyişiklərin edilməsi haqqında protokol layihəsi Birlik ölkələri ərazisində nəqliyyat vasitələrinin oğurlanmasına qarşı mübarizə sahəsində informasiya mübadiləsi və qarşılıqlı fəaliyyətin optimallaşdırılması sisteminin təkmilləşdirilməsi məqsədi ilə MDB-nin iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurası tərəfindən hazırlanıb və Minskdə ekspertlər tərəfindən razılaşdırılıb.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.