İQTİSADİYYAT
Avtovağzalın kompleksi ərazisində bərkitmə işləri yekunlaşıb
Bakı, 4 iyul AZƏRTAC
Beynəlxalq Avtovağzal kompleksi ərazisində baş vermiş sürüşmə zonasında bərkitmə işləri “Azəravtoyol” ASC tərəfindən tam olaraq yekunlaşdırılıb.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda avtobusların dayanacağının yerləşdiyi və 250 metr uzunluğunda olan köməkçi yolun bərpası istiqamətində addımlar atılır.
Yolun zəruri olan yerlərində yararsız qrunt qazılaraq çıxarılıb. Daha sonra karbonat materialı tökülərək kipləşdirilib. Hazırda yolun köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq ərazidən daşınır, əlavə bərkitmə işləri görülərək asfaltlanma üçün hazır vəziyyətə gətirilir. Yaxın günlər ərzində asfaltlanma işləri yekunlaşdırılacaq və yolda hərəkət bərpa olunacaq.
Sürüşmə baş vermiş yamacda aparılmış bərkitmə işləri zamanı yuxarı hissədə 16 metr uzunluğunda və 7 metr hündürlükdə 5 istinad divarı inşa edilib. Divarlarda ankerləmə işləri aparılıb.
Ərazidə yerləşən avtobus dayanacağının qarşısından keçən köməkçi yol boyu və əsas yolun kənarlarında ineksiya işləri görülüb. Yer bir neçə yerdən 20-30 metr dərinlikdə deşilib, ora beton məhlul tökülüb. Bundan başqa mövcud istinad divarı ilə köməkçi yol üzərində yerləşən istinad divarı arasındakı ərazidə 1200 millimetr diametrində və 33,5 metr dərinlikdə 50 ədəd svay vurulub.
Yamacın aşağı hissəsinin bərkidilməsi istiqamətində də işlər aparılıb. Belə ki, 16 metr uzunluğunda və 8 seksiyadan ibarət istinad divarları inşa edilib. Buna paralel olaraq ərazidə aparılan svay vurma işləri aparılıb. Ümumilikdə əraziyə 96 ədəd svay vurulub.