ELM VƏ TƏHSİL
Əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirilib
Bakı, 24 may, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili çərçivəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən əvvəlki illərin məzunları üçün mayın 24-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində aparılan imtahan saat 11.00-da başlanıb və 14.00-da başa çatıb. İmtahana nəzarətçi müəllimlər nəzarət ediblər.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizasına başlanılıb.
İmtahanda istifadə olunmuş sualların düzgün cavabları TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək.
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.
Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 30-dan avqustun 11-dək aparılacaq.