ELM VƏ TƏHSİL
Əvvəlki illərin məzunu olan abituriyentlərin imtahan nəticələrinə dair statistik məlumat açıqlanıb
Bakı, 30 may, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il mayın 17-də (II və III ixtisas qrupları üzrə) və 24-də (I və IV ixtisas qrupları üzrə) ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirib.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, bu imtahanlarda ümumilikdə 29 min dörd abituriyent iştirak edib. İmtahanların gedişinin hər bir məqamı, eləcə də sonrakı proseslər – testlərin ekspertizası və etalonların müəyyənləşdirilməsi, imtahan protokollarının araşdırılması TQDK-nın internet saytında operativ işıqlandırılıb.
İmtahanda abituriyentlərə təqdim olunmuş test tapşırıqları ümumtəhsil məktəblərində istifadə edilən tədris proqramlarına və dərsliklərə tamamilə uyğun olub. İmtahandan əvvəl qapalı rejimdə, imtahan başa çatdıqdan sonra isə müstəqil ekspertiza bunu bir daha təsdiqləyib, suallarda hər hansı elmi, texniki xəta olmayıb.
Cavabların emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə (mayın 17-də keçirilən imtahanın nəticələri mayın 19-da, mayın 24-də keçirilən imtahanın nəticələri mayın 26-da) TQDK-nın internet saytı, AZERCELL, BAKCELL və NARMOBİLE telefon xidmətləri vasitəsilə elan olunub. Bununla yanaşı, abituriyentlərə internet vasitəsilə cavab kartlarının qrafik təsvirinə baxmaq imkanı da yaradılıb.
TQDK hər bir imtahandan sonra həmin imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavablarını “Space” televiziyası vasitəsilə elan edib, Komissiyanın məsul əməkdaşları və müstəqil ekspertlər birbaşa efir vaxtında test tapşırıqları, eləcə də imtahanların gedişi ilə bağlı abituriyentləri və ictimaiyyəti maraqlandıran sualları cavablandırıblar. Bu tədbir həm abituriyentlərin öz ballarını rahat hesablamaları və onları maraqlandıran suallara cavab almaları, həm də ümumilikdə imtahan prosesinin şəffaflığının təmin edilməsi baxımından əhəmiyyətli olub. Abituriyentlərin ballarının hesablanması üçün xüsusi proqram hazırlanıb, TQDK-nın internet saytında və Facebook səhifəsində yerləşdirilib. İstifadə üçün çox sadə olan bu proqramda abituriyentlər fənlər üzrə düzgün və səhv cavablarını müvafiq mövqelərdə qeyd etməklə avtomatik olaraq nisbi və ümumi balları haqqında məlumat ala və nəticələrini çap edə biliblər.
İlkin müsabiqə şərtlərinə əsasən I, II, III və IV ixtisas qruplarında (ödənişli əsaslarla olan ixtisaslar üzrə) müsabiqəyə ümumi balı 200-dən az olmayan abituriyentlər buraxılırlar.
Əvvəlki illərin məzunu olan abituriyentlərin imtahan nəticələrini qruplar üzrə təhlili barədə:
Birinci ixtisas qrupu üzrə imtahanda 11 min 874 abituriyent iştirak edib, onlardan cəmi 963 nəfəri (8.11 faizi) 200 və daha yüksək bal toplayıb. Beləliklə, 10 min 911 nəfər 0-200 bal intervalında nəticə əldə edib. Bu da iştirakçıların 91.89 faizi deməkdir. 600-dən yuxarı bal toplayanların sayı isə 4 nəfər olub və maksimal nəticə 647 baldır.
İkinci ixtisas qrupu üzrə imtahanda 7 min 224 nəfər iştirak edib. Bu qrupda imtahanda iştirak edənlərin 1117 nəfəri (15.46 faizi) 200 və daha yüksək bal toplayıb, 6 min 107 nəfər 0-200 bal intervalında nəticə əldə edib. Bu da iştirakçıların 84.54 faizi deməkdir. İki nəfər 600-dən yuxarı bal toplayıb, maksimal nəticə 614 bal olub.
Üçüncü ixtisas qrupu üzrə imtahanda 7 min 812 nəfər iştirak edib. İştirakçıların 1934 nəfəri (24.76 faizi) 200 və daha yüksək bal toplayıb. Beləliklə, 5 min 878 nəfər 0-200 bal intervalında nəticə əldə edib. Bu da iştirakçıların 75.24 faizi deməkdir. Bu qrupda 600-dən yuxarı bal toplayanların sayı isə 10 nəfər olub və maksimal nəticə 680 baldır.
Dördüncü ixtisas qrupu üzrə imtahanda 2 min 94 nəfər iştirak edib, onların cəmi 235 nəfəri (11.22 faizi) 200 və daha yüksək bal toplayıb. Beləliklə, 1859 nəfər 0-200 bal intervalında nəticə əldə edib. Bu da iştirakçıların 88.78 faizi deməkdir. 600-dən yuxarı bal toplayanların sayı isə 10 nəfər olub və maksimal nəticə 670 baldır.