REGİONLAR
Axıska türklərinin bayram süfrəsində xəngəlin içində dəmir pul görsəniz təəccüblənməyin VİDEO
Quba, 30 dekabr, Elxan Yusifli, AZƏRTAC
Xəngəl axıska türklərinin bayram süfrəsinin əsas yeməyidir. Bu yemək bişirilmə qaydasına və dadına görə digərlərindən seçilir.
AZƏRTAC xəbər verir ki, Quba rayonunun Dəlləkli kəndində yaşayan axıska türkləri bayramı öz adət-ənənələrinə uyğun qeyd edirlər. Ənənəyə sadiq olaraq bayram münasibətilə ailə bir ocaq başına toplanır, xəngəl və başqa təamlar hazırlanır.
Kənd sakini Kamilə Bədəlova bildirir ki, axıska türklərinin xəngəlinin hazırlanma prosesi azərbaycanlıların ləziz yeməyi olan düşbərəni xatırladır. Əvvəlcə xəmir duzlu su ilə yoğrulur. Kündələr yayılaraq kiçik hissələrə bölünür. Sonra hazırlanmış ət həmin hissələrin üzərinə qoyularaq xüsusi formada bükülür. Xəngəl üçün hazırlanan ətə soğan, bibər, duz və zövqə görə başqa ədvalar qatılır. Sonra qaynayan suya tökülür və 10 dəqiqəyə yemək hazır olur. Suyu süzülən xəngəl süfrəyə veriləndə üzərinə yağda bişirilmiş soğan əlavə edilir.
Xəngəl axıska türklərinin toylarının da əvəzolunmaz yeməyidir. Onlar toyda 60 kündədən xəngəl kəsirlər. Toy günün səhəri təzə gəlin qonaqları özünün hazırladığı xəngələ qonaq edir. Hazırlanan xəngəllərdən birinin içinə xırda dəmir pul qoyulur. İnanca görə, həmin xəngəl kimin payına düşsə, o şəxsi xoşbəxtlik gözləyir.
Axıska türklərinin bayram süfrələrini xəngəllə yanaşı qətmər, samsa, bazlama, kətə kimi milli təamları da bəzəyir.
Qeyd edək ki, axıska türkləri Dəlləkli kəndi ilə yanaşı, Qubanın daha 17 yaşayış məntəqəsində məskunlaşıblar.