DÜNYA
Axıska türklərinin deportasiya olunmasının 70-ci ildönümü ilə əlaqədar Astanada tədbir keçirilib VİDEO
Axıska türklərinin deportasiyasının 70-ci ildönümü ilə əlaqədar Astanada tədbir keçirilib.
Tədbirdə axıska türklərinin tarixini və adət-ənənələrini əks etdirən guşənin təqdimatı olub.
Sonra deportasiya zamanı dünyasını dəyişən axıska türklərinin ruhuna dualar oxunub.
Axıska türklərinin diaspor təşkilatının Astana üzrə rəhbəri Əsgər Piriyev qonaqları salamlayaraq məruz qaldıqları deportasiya haqqında məlumat verib. Bildirilib ki, 1944-ci il noyabrın 14-dən 15-nə keçən gecə minlərlə insan öz torpaqlarından qovularaq yük vaqonlarında qeyri-müəyyən istiqamətə aparılıb. Axıska türklərinin bəxti onda gətirib ki, onlar Sibirə deyil, qardaş və qonaqpərvər Qazaxıstana sürgün ediliblər. Ə.Piriyev onlara qucaq açdığına görə qazax xalqına minnətdarlığını bildirib.
Vurğulanıb ki, axıska türklərinin Qazaxıstanda həftəlik qəzeti olan “Axıska” üç dildə nəşr edilir.
Tarix elmləri doktoru Vidadi Salahov isə sürgünün əsl səbəbləri haqqında məruzə ilə çıxış edib. Qeyd edib ki, Qafqazın azərbaycanlı və digər müsəlman xalqlarının doğma torpaqlarından deportasiya edilməsinin əsas səbəbkarları İosif Stalin və Anastan Mikoyan olublar. Məruzəçi vurğulayıb ki, Cənubi və Şimali Qafqazda tarixən məskunlaşan xalqların əksəriyyəti müsəlman olduqları üçün dəhşətli təzyiqlərə məruz qalıb. Bu mənada ona yaxın xalq sürgün həyatını yaşamalı olub. Məqsəd isə Qafqazı xristianlaşdırmaq idi. Natiq bildirib ki, bu siyasətin tərkib hissəsi kimi, sonrakı illərdə on minlərlə azərbaycanlı erməni şovinistləri tərəfindən doğma yurdlarından qovulublar.
Sonra axıska türkü, deportasiyanın şahidi Rəsul İsmayılovun xatirələri əsasında dəhşətli anlar səhnələşdirilərək nümayiş etdirilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana