DÜNYA
Ay ərzində ikinci belçikalı Avropa lotereyasında böyük uduş sahibi olub
Bakı, 26 oktyabr, AZƏRTAC
Belçika sakini “EuroMillions” lotereyasında həcmi 50 milyon avro olan cekpotu udub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu, bir ay ərzində Belçika sakininin lotereyada iri məbləğ qazandığı ikinci hadisədir. Bir müddət əvvəl Brüssel şəhərində küçə təmizləyən şəxs “EuroMillions” lotereyasında 168 milyon avroluq cekpotu udaraq ölkə tarixinə ən böyük məbləğə yiyələnən şəxs kimi düşmüşdü.
“EuroMillions” lotereyasının ilk tirajı 2004-cü il fevralın 13-də üç ölkədə - Fransa, İspaniya və Böyük Britaniyada keçirilib. Həmin ilin oktyabrında lotereyaya daha altı ölkə - Lüksemburq, Belçika, İsveçrə, Portuqaliya, İrlandiya və Avstriya qoşulub.
Bir lotereya biletinin qiyməti 2,5 avrodur. Ümumilikdə təxminən 200 milyon nəfər lotereyada iştirak edir.
Əyləncə sənayesinin tənzimləyici-komissiyasının məlumatına əsasən, Belçika sakinləri 2013-cü ildə qumar oyunlarına 964 milyon avro xərcləyiblər. Bunun üzərinə milli lotereyaya sərf olunan 570 milyon dollar da əlavə edilsə, ümumi məbləğ 1,5 milyard dolları ötür.