İQTİSADİYYAT


Aydın Əliyev: “Yaşıl Dəhliz” yük və malların ölkəyə idxal edilməsini asanlaşdıracaq

A+ A

Bakı, 13 iyul, Elvin Camalov, Asiman Əsədov, AZƏRTAC

İyulun 13-də “Risklərin İdarə Olunması sistemi əsasında malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl Dəhliz” prinsipi” mövzusunda təqdimat keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimatda gömrük əməkdaşları və BMT İnkişaf Proqramı ofisinin nümayəndələri iştirak ediblər.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev yeni tətbiq olunan “Yaşıl Dəhliz” prinsipinin əhəmiyyətindən danışıb. Bildirib ki, beynəlxalq ticarət sistemində baş verən kəmiyyət və keyfiyyət dəyişiklikləri, ticarət münasibətlərinin daha mürəkkəb xarakter alması, ticarət-təchizat zəncirində qlobal təhlükələrin artması, həmçinin gömrük sisteminin inkişafı ilə bağlı Azərbaycan hökumətinin müəyyən etdiyi prioritet hədəflər Dövlət Gömrük Komitəsi tərəfindən gömrük nəzarəti, gömrük rəsmiləşdirilməsi sahəsində daha çevik və müasir metodların tətbiqini tələb edir.

A.Əliyevin sözlərinə görə, əsas məqsəd risklərin idarə olunması sistemi barədə fikir mübadiləsi aparmaq, daha da təkmilləşdirilməsində BMT İnkişaf Proqramı ofisi ilə birgə fəaliyyət göstərməkdir. Gömrük xidmətində risklərin idarə olunması sisteminin tətbiqi beynəlxalq təcrübədə təkmil sərhəd idarəçiliyi həllərinin ən mühüm komponentlərindən biri olaraq qəbul edilir.

Komitə sədri yeni sistemin tətbiqini Prezident İlham Əliyevin bu ilin birinci yarısında gömrük işinin daha da səmərəli və şəffaf şəkildə qurulması ilə bağlı imzaladığı fərman və sərəncamlardan irəli gələn məsələlərin həllinə uyğun olaraq atılmış mühüm addım kimi qiymətləndirib.

“Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, iqtisadiyyatın inkişaf etdirilməsi ilə bağlı “Yaşıl Dəhliz” və digər dəhlizlərin yaradılması önəmli faktorlardandır. Bununla yük və malların ölkəyə idxal edilməsi asanlaşacaq. Burada əsas şərtlərdən biri risklərin idarə olunması sisteminin tətbiqidir. Bu sistemlə bağlı artıq proqram hazırlanıb”, - deyə A.Əliyev vurğulayıb.

Sonra “Yaşıl Dəhliz”, “Risklərin idarə edilməsi” və başqa mövzularda təqdimatlar keçirilib.

Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev tətbiq olunan yeniliyə əsasən sərhəd gömrük buraxılış məntəqələrində, həmçinin gömrük rəsmiləşdirilməsi zamanı daxili gömrük orqanlarında mallara və nəqliyyat vasitələrinə qabaqcadan müəyyən edilmiş risk meyarları və risk profilləri əsasında gömrük nəzarəti həyata keçiriləcəyini bildirib. O, yeni sistemin gömrük qanunvericiliyinin tələblərinə riayət edən sahibkarlara bir sıra üstünlüklər gətirməklə gömrük əməliyyatlarını daha asan, çevik və daha az xərclə həyata keçirməyə imkan verəcəyini vurğulayıb.

Digər çıxış edənlər yeni sistemin üstün imkanları barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.