SİYASƏT


Aydın Hüseynov: İnanırıq ki, ÜAK-la bağlı məsələ müsbət həllini tapacaq

Bakı, 17 may, AZƏRTAC

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı qərar həqiqəti əks etdirməyən subyektiv qərardır. Bu, Azərbaycanla yanaşı, Rusiyanın da maraqlarına uyğun addım deyil. Ümid edirik ki, bu məsələ müsbət həllini tapacaq, Rusiya dövlətinin rəhbərliyi öz müdrikliyini göstərəcək və iki dövlət arasında münasibətlərə xələl gətirəcək heç bir addım atılmayacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Hüseynov bildirib.

A.Hüseynov bu qərarın ermənipərəst qüvvələrin təsiri altında qəbul edildiyini vurğulayıb. “Bir daha görürük ki, Azərbaycana qarşı işləyən erməni diasporu, ermənipərəst dairələr iki dövlətin münasibətlərini bu cür məsələlərlə pozmağa çalışırlar. Biz belə cəhdlərə qarşı həmişə ayıq-sayıq olmalıyıq”, - deyə deputat qeyd edib.

İşçi qrupun üzvü deyib: “Rusiya ilə Azərbaycan arasında çox böyük tarixi əlaqələr var. Hazırda Rusiyada iki milyon azərbaycanlı, Azərbaycanda isə 200 mindən çox rus yaşayır. Həm Rusiyada, həm də Azərbaycanda bu iki dövlətin, xalqın dostluğunu istəyənlər daha çoxdur. Azərbaycan-Rusiya dostluğunun möhkəm kökləri var. Lakin münasibətlərə xələl gətirmək istəyənlər də var. Onların da kim olduğu məlumdur. Onlar ermənilər və ermənipərəst qüvvələrdir. Biz onlara imkan verməməliyik ki, xalqlarımız arasında belə xoşagəlməz vəziyyətlər yaratsınlar. Onlar öz istəklərinə çata, münasibətlərimizə kölgə sala bilməyəcəklər. Çünki qeyd etdiyim kimi, Rusiyada da Azərbaycanı dəstəkləyən kifayət qədər qüvvələr var və siyasi rəhbərliyin Azərbaycan dövlətinə münasibəti çox yüksəkdir, eləcə də Azərbaycan dövlətinin Rusiyaya qarşı münasibəti. Avropada Rusiyaya qarşı hər hansı sanksiyalar tətbiq ediləndə, yaxud da Rusiya ilə bağlı mənfi rəy formalaşdırılanda bütün beynəlxalq təşkilatlarda Azərbaycan Rusiyanın maraqlarını müdafiə edir. Əminik ki, Rusiya da bunun müqabilində öz addımlarını atacaq və Apellyasiya Məhkəməsinə müraciət edildikdən sonra ÜAK-la bağlı məsələ müsbət həllini tapacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.