SİYASƏT
Aydın Mirzəzadə: ABŞ Prezidenti Azərbaycanda gedən islahatlara yüksək qiymət verir
Bakı, 1 iyun, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın həm 28 May - Respublika Günü, həm də XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktublar bu gün iki ölkə arasında olan münasibətlərin keyfiyyət göstəricisidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Aydın Mirzəzadə bildirib ki, əvvəlki administrasiyadan fərqli olaraq Donald Tramp Azərbaycanda gedən islahatlara yüksək qiymət verir. Bu da Azərbaycan üçün çox önəmlidir. ABŞ Prezidenti Azərbaycanla öz ölkəsi arasında ikitərəfli əlaqələrin möhkəmlənməsinə böyük önəm verdiyini və əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayır.
"Azərbaycan Ermənistandan başqa bütün ölkələrlə qarşılıqlı maraqlar əsasında əlaqələrin qurulmasına önəm verir. Müstəqilliyini bərpa etdiyi 25 illik müddətdə Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə münasibətlərin demək olar ki, bütün sahələrini əhatə edən əməkdaşlıq təcrübəsi var. Həmin əlaqələri daha da genişləndirmək və dərinləşdirmək mümkündür. Bu, həm siyasi, iqtisadi, diplomatik, həm də hərbi əməkdaşlığı özündə birləşdirir", - deyə deputat qeyd edib.
Aydın Mirzəzadə deyib ki, iki ölkə birlikdə beynəlxalq aləmdə stabilliyin qorunması, sülhün təmin edilməsi, terrorizmə qarşı mübarizə istiqamətində böyük işlər görə bilərlər. Azərbaycan ABŞ-la münasibətlərində onun Dağlıq Qarabağ probleminin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədri olması faktını da ciddi nəzərə alır. Birləşmiş Ştatlar bu statusundan istifadə edərək problemin həllinə böyük töhfə verə və Ermənistanı beynəlxalq hüquq normalarına riayət etməyə, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağıra bilər. Hər iki məktub göstərir ki, ABŞ-ın yeni administrasiyası dünyada ölkələr arasında tamam yeni və ümumi maraqlara xidmət edən aspektlərin qurulmasında maraqlıdır.