SİYASƏT


Aydın Mirzəzadə: ÜAK-ın qeydiyyatının ləğvinin heç bir ciddi əsası yoxdur

Bakı, 17 may, AZƏRTAC

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi siyasi mahiyyət daşıyır və hər hansı uydurma ittihamlarla bu cür qərarın çıxarılmasının heç bir ciddi əsası yoxdur.

Bu fikri AZƏRTAC-a açıqlamasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Aydın Mirzəzadə deyib.

Aydın Mirzəzadə qeyd edib ki, ÜAK-ın ləğvi Azərbaycan ictimaiyyətində böyük narahatlığa səbəb olub. Həmin qərar Rusiyanın daxili işi olsa da, əslində bu ölkədə yaşayan iki milyon azərbaycanlıların hüququnu kobud şəkildə pozur. Çünki ÜAK yarandığı vaxtdan Rusiyanın qanunvericiliyinə uyğun fəaliyyət göstərib, ölkənin ictimai-siyasi həyatında fəal rol oynayıb.

Deputat bildirib ki, görünür, ÜAK-ın fəaliyyəti Rusiyada bəzi qüvvələrin maraqlarına uyğun deyildi: “Ancaq düşünürəm ki, ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı qərarın səhv olduğu müəyyənləşəcək və bu məsələyə yenidən baxılacaq. Çünki ÜAK həmişə Rusiya-Azərbaycan münasibətlərinin inkişafında körpü rolunu oynayıb. Bu təşkilatın Rusiya elitasına daxil olan onlarla, yüzlərlə azərbaycanlı üzvü var. Bu təşkilata qarşı münasibət Azərbaycana qarşı münasibətdir”.

Aydın Mirzəzadə ümid etdiyini bildirib ki, Rusiyada sağlam düşüncə qalib gələcək və bu məsələ ədalətli həll yolunu tapacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.