MƏDƏNİYYƏT
“Aydın yol” qəzetinin yeni nömrəsində...
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin həftəlik mətbu orqanı olan “Aydın yol” qəzetinin 2016-cı ildə 3-cü nömrəsi çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, mərkəzin direktoru, yazıçı-dramaturq, Əməkdar İncəsənət Xadimi Afaq Məsudun təşəbbüsü ilə işıq üzü görən qəzetdə ədəbi-bədii, elmi, publisistik ədəbiyyatların, dərsliklərin, dil və tərcüməyə müraciət edilən digər ədəbiyyatların dil, məzmun və tərcümə baxımından keyfiyyətinin təhlilinə yer ayrılır. Oxuculara ölkəmizdə və dünyada baş verən ədəbiyyat, mədəniyyət, incəsənət sahəsində bir çox yeniliklər barədə geniş məlumatlar verilir.
Yeni nömrənin poeziya səhifəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Bu dünya yuxu tək, əriyib gedər” misraları fonunda bir sıra şeirləri təqdim olunub. Səhifədə yer alan “İnanmıram”, “Pərvanə”, “Qu quşu”, “Atəşfəşanlıq”, “Gedim bir az ağlayım” və “Getmə ana, anacan!” başlıqlı şeirlərdə şairin ürəyə yol tapan, bənzərsiz poetik fikirlər yer alıb.
Qəzetdə rəsmi məlumatlarla yanaşı, Tərcümə Mərkəzi tərəfindən hazırlanan “İşlək orfoqrafiya lüğəti” kitabı barədə də məlumat verilib. “İşlək orfoqrafiya lüğəti”ndə anlaşılmaz söz olmayacaq” başlıqlı məqalədə göstərilir ki, hazırda “A” hərfi bölümü üzərində işlər tamamlanıb. Qəzet bu nömrədən başlayaraq, adıçəkilən kitabdan, orfoqrafiya lüğəti qaydalarına uyğunlaşmadığı səbəbindən çıxarılan sözlərin təsnifatını nəzərə çatdırır.
Nəşrin milli teatr səhifəsində “Yuğ”un dünəni, bu günü və sabahı” sərlövhəli məqalədə Azərbaycan Dövlət “Yuğ” teatrının keçdiyi tarixi yola nəzər salınıb və uzun illər fəaliyyət göstərdiyi binadan köçürülməsinin səbəblərinə aydınlıq gətirilib. Eyni zamanda, Azərbaycan teatrı ilə bağlı xəbərlər yer alıb.
Qəzetin bu nömrəsində “Tarixə şair baxışı”, “Duman adada gecələyir”, “Bakının yüz il əvvəlki kino həyatı”, “Azərbaycanlılar sahibkar xalqdır”, “Kitab onu yazana yox, oxuyana məxsusdur...”, “Xocalıda üç övlad itirən ana”, “Musiqi alətlərində fəlsəfi sirlər və müalicəvi hikmətlər”, “İş gününə axşam başlayan rəssam” və digər sərlövhəli bir-birindən maraqlı yazılar diqqəti cəlb edir.
2014-cü ilin oktyabrından nəşr olunan “Aydın yol” qəzeti hər yeni nömrəsi ilə oxucuları aydınlığa, ölkəmizdə və dünyada baş verən yeniliklərdən xəbərdar olmağa çağırır, ən əsası isə 140 ildən artıq bir dövrü əhatə edən milli mətbuatımızın ənənələrinə sadiqliyi ilə diqqət çəkir.