DÜNYA
Ayətullah Əli Xameneyi: Qərb İranı diz çökdürə bilmədi
Bakı, 25 noyabr, AZƏRTAC
Ayətullah Əli Xameneyinin ali dəftərxanasına bağlı Twitter səhifəsində Vyanada İranla “altılıq” ölkələri arasında Tehranın nüvə proqramına dair nəticəsiz başa çatmış danışıqlarla əlaqədar şərh yer alıb.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, danışıqları şərh edən Əli Xameneyi nüvə problemi ilə bağlı iddialı ölkələrin İranı diz çökdürmək üçün əllərindən gəldiyini etdiklərini, lakin bacarmadıqlarını və buna heç vaxt nail olmayacaqlarını qeyd edib.
Danışıqların Vyana raundunun yekunları barədə keçirilən mətbuat konfransında razılaşma əldə edilməsinə əsasən qarşılıqlı etimadsızlığın mane olduğunu deyən İranın xarici işlər naziri Cavad Zərif ölkəsini bu münasibətə layiq hesab etmədiyini və son illər götürdükləri öhdəlikləri yerinə yetirərək etibarlı tərəfdaş olduqlarını təsdiqlədiklərini bildirib.
Bu il artıq ikinci dəfədir ki, Tehranın nüvə proqramı ətrafında 12 illik mübahisələrə son qoya bilməyən İran və dünyanın altı aparıcı dövləti razılaşma sazişinin imzalanmasının son tarixini gələn ilin iyun ayına qədər uzatmaq qərarına gəliblər.