İDMAN
Ayxan Abbasov: “Astra” güclü komanda təsiri bağışlayır
Bakı, 13 iyul, AZƏRTAC
Biz də eynilə rəqib komanda kimi bir qədər gec bir araya gəldik. Heyətimizdə 7-8 yeni futbolçu var. Uyğunlaşma üçün bir az vaxta ehtiyacımız var.
AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsində səfərdə Rumıniyanın “Astra” komandası ilə qarşılaşacaq “Zirə” klubunun baş məşqçisi Ayxan Abbasov deyib.
Baş məşqçi bildirib ki, avrokuboklarda ilk dəfədir çıxış edirik. Bu bizim debüt mövsümümüzdür. Daha böyük təcrübəyə ehtiyacımız var. Lakin komanda şəklində bu oyuna çox ciddi hazırlaşmışıq.
“Rəqibimiz barədə fərdi şəkildə oyunçulardan məlumat toplamırıq. Ümumiyyətlə “Astra” haqqında məlumat toplamaq elə də çətin deyil. Klub haqda ümumi məlumata sahibik. Rəqibin heyətində də yeni futbolçular var. Bizim üçün də maraqlıdır ki, “Astra” oyuna hansı heyətlə çıxacaq və yeni futbolçularla hansı üslubda oynayacaq. Məşqçi işini müşahidə etdikdə görünürki, rəqib topla oynamağı sevir. “Astra” həqiqətən güclü komanda təsiri bağışlayır. Qitəmiqyaslı yarışlarda oyun təcrübəsinə malikdir. Lakin biz də çalışacağıq ki, lazımi nəticəni əldə edək”, - deyə Ayxan Abbasov əlavə edib.
Qeyd edək ki, “Astra”-“Zirə” oyununa bu gün Giurgiu şəhərindəki Marin Anastasoviçi stadionunda Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.