İDMAN


Ayxan Tağızadə taekvandoçularımızın İslamiadada üçüncü qızıl medalının müəllifi oldu

Bakı, 17 may, Nihad Budaqov, AZƏRTAC

Taekvando yarışlarında 68 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Ayxan Tağızadə IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

AZƏRTAC xəbər verir ki, idmançımız final görüşündə iranlı Seyedhossein Ehsanipetroudi üzərində 9:8 hesabı ilə qələbə qazanıb.

Təmsilçimiz ilk görüşündə əfqanıstanlı Rohullah Nikpaya 28:14 hesabı ilə qalib gəlib. Azərbaycan idmançısı yarımfinalda Səudiyyə Ərəbistanı təmsilçisi Səud Al Muvalladı 18:9 hesabı ilə məğlub edib.

1996-cı ildə Bakıda taekvando məşqçisi Əvəz Tağıyevin ailəsində anadan olan Ayxan 10 yaşından yarışlarda çıxış etməyə başlayıb. Hazırda 19 yaşı olan idmançımız "Neftçi" İdman Sağlamlıq Mərkəzinin üzvüdür. O, 2013-cü ildə Portuda keçirilən yeniyetmələr arasında Avropa çempionatında gümüş medal qazanıb. “Gilan” idman klubunun yetirməsi olan Ayxan Tağızadə birinci Avropa Oyunlarının çempionu, komandalararası dünya çempionatının və klublararası qitə çempionatının qızıl medalçısıdır. Bu ilin martında Hollandiyanın Eyndhoven şəhərində keçirilən taekvando üzrə ənənəvi “Dutch Open” beynəlxalq turnirində idmançımız bürünc medala sahib olub.

Onun Atası Əvəz Tağıyev Azərbaycanın para-taekvando üzrə milli komandasının baş məşqçisidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.