İQTİSADİYYAT


“AzInTelecom” “MİDA” ilə əməkdaşlığa başlayıb

Bakı, 20 aprel, AZƏRTAC

“Güzəştli Mənzil” elektron sisteminin davamlılığını təmin etmək üçün Regional Data Mərkəzinin texniki imkanlarından istifadə ediləcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirliyin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaat Dövlət Agentliyinin tabeliyindəki “MİDA” MMC ilə əməkdaşlığa başlayıb.

Müqaviləyə əsasən, “MİDA” TIER III və ISO 20000 beynəlxalq sertifikatlarına malik Regional Data Mərkəzində əlavə texniki avadanlıq və proqram təminatlarının alınması, quraşdırılması, texniki istismarı üçün vəsait xərcləmədən məlumat itkisi ilə bağlı riskləri minimuma endirən etibarlı infrastruktur əldə edəcək. Bu da, öz növbəsində, digər maliyyə xərclərinə və vaxt itkilərinə qənaət olunmasına imkan yaradacaq.

Bundan əlavə, “MİDA” MMC “Elektron hökumət” portalına inteqrasiya etdiyi “Güzəştli Mənzil” elektron sisteminin davamlılığını təmin etmək məqsədilə “AzInTelecom” MMC-nin Regional Data Mərkəzinin texniki imkanlarından yararlanmağı planlaşdırır. Data Mərkəzi tərəfindən təklif edilən müasir texnologiyalar “Güzəştli mənzil” elektron sisteminin səmərəli işinə şərait yaratmaqla yanaşı, habelə mənzil əldə etmək üçün müraciət edən vətəndaşlara yüksək keyfiyyətli xidmət göstərilməsi və onların rahatlığının təmin olunmasına imkan verəcək.

Regional Data Mərkəzi bulud texnologiyalarına əsaslanan “İnfrastruktur xidmət kimi” (İaaS) həllər (virtual şəbəkə, virtual saxlama, virtual infrastruktur, “backup” və s.) təklif edir.

Büdcə xərclərinin optimallaşdırılması və idarəetmənin avtomatlaşdırılmasına yönələn İaaS xidmətləri potensial müştərilərinə texniki avadanlıq və proqram təminatlarının alınması, quraşdırılması, texniki istismarı üçün vəsait xərcləmədən məlumat itkisi ilə bağlı riskləri minimuma endirən etibarlı infrastruktur əldə etmək imkanı yaradır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.