ELM VƏ TƏHSİL
AzMİU-da tələbə və magistrantların elmi konfransı keçirilib
Bakı, 5 may, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş, tələbə və magistrantların 38-ci elmi konfransı keçirilir.
AzMİU-dan AZƏRTAC-a bildiriblər ki, ənənəvi olaraq hər il keçirilən iki günlük konfransın bölmə iclaslarında 450-dək məruzə dinləniləcək.
Konfransın keçirilməsinin əsas məqsədi tələbələri elmi-tədqiqat işlərinə cəlb etmək, gələcək mütəxəssislərin hazırlıq səviyyəsini yüksəltmək, magistrantların araşdırmalarını elmi ictimaiyyətə təqdim etməkdir.
AzMİU-nun prorektoru, professor Arif Şərifov Ulu Öndərin xatirəsinə həsr olunmuş konfransın 38-ci dəfə keçirildiyini bildirib. Prorektor belə tədbirlərin gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasında mühüm amilə çevrildiyini vurğulayıb.
Azərbaycanda elmin, təhsilin inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Prorektor bu sahənin daim diqqət mərkəzində saxlanıldığını və belə tədbirlərin gənclərin yüksək bilik əldə etmələrinə dəstək verdiyini diqqətə çatdırıb.
Sonra “Ordumuz qürurumuzdur”, “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda məruzələr dinlənib.
Konfrans öz işini bölmələrdə davam etdirib.