İQTİSADİYYAT
“AzMetco” “Caspian Energy Forum Baku-2017”nin partnyoru olub
Bakı, 16 mart, AZƏRTAC
“AzMetco” ASC bu il aprelin 12-də Bakıda keçiriləcək IV Beynəlxalq “Caspian Energy Forum-2017”nin (www.caspianenergyforum.com) partnyoru olub.
Bu barədə AZƏRTAC-a “Caspian European Club”dan (Caspian Business Club) bildirilib.
“Caspian Energy Forum-2017”nin partnyoru statusunu qazanmaqla “AzMetco” ASC klubla yaranmış bugünkü hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət verdiyini növbəti dəfə təsdiqlədi”, - deyə “Caspian European Club” (Caspian Business Club) və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev qeyd edib.
“AzMetco” ASC-nin direktorlar şurasının sədri Şükür Ağazadə Azərbaycanla yanaşı, eyni zamanda bütövlükdə Xəzər regionu üçün böyük əhəmiyyət kəsb edən “Caspian Energy Forum-2017”nin partnyoru olmaqdan məmnunluq duyduğunu qeyd edib. Onun sözlərinə görə, bu cür forumların təşkili yeni biznes əlaqələri qurmaq və köhnə əlaqələri qoruyub saxlamaq məqsədilə Azərbaycan ərazisində fəaliyyət göstərən bütün şirkətlər üçün vacibdir.
“Bundan əlavə, forumda dünyanın 50 ölkəsindən nümayəndələrin iştirakı ölkəmizin investisiya cazibədarlığının yaxşılaşmasına kömək edə bilər”, - deyə Ş.Ağazadə bildirib. O əlavə edib ki, ölkə qeyri-neft sektorunu fəal şəkildə inkişaf etdirdiyi bir vaxtda “Cənub Qaz Dəhlizi”, Böyük İpək Yolu, milli iqtisadiyyatın inkişafı üzrə Yol Xəritəsi kimi irimiqyaslı layihələrin həyata keçirilməsi də nəzərə alınmaqla iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən dövlət qurumlarının rəhbərlərini dinləmək yerli və xarici şirkətlər üçün maraqlı olar.
“Caspian Energy Forum-2017” məhz gündəmdə olan aktual mövzu və problemlərin müzakirəsi və həlli üçün mühüm meydan olacaq”, - deyə “AzMetco” ASC-nin rəhbəri bildirib.
İxtisaslaşmış müəssisə olan “AzMetco” Açıq Səhmdar Cəmiyyəti 1981-ci ildən neft və qaz sənayesində tətbiq olunan ölçü qurğularının və telemexaniki sistemlərin, avadanlıq və cihazların sazlanması, təmiri, montajı və kalibrlənməsi xidmətini həyata keçirir. SOCAR-ın neft terminallarında və konsorsiumun Səngəçal, Supsa və Ceyhandakı ixrac boru kəmərlərində bu xidmətləri göstərən “AzMetco” Cənubi Qafqazda (Azərbaycan, Gürcüstan) və Türkiyədə geniş məkanı əhatə edir.
“Caspian Energy Forum-2017”yə avrokomissarlar, Azərbaycanın, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və qurumlarının rəhbərləri, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, həmçinin nəhəng beynəlxalq şirkətlərin başçıları qatılacaq. Ümumilikdə forumun işində dünyanın 50 ölkəsindən 500 nümayəndə iştirak edəcək.
Forum üç sessiyadan ibarət olacaq. Birinci sessiya həyata keçirilən iqtisadi islahatların ilkin nəticələrinə həsr olunacaq. İkinci sessiya Xəzər regionu dövlətlərinin neft-qaz və enerji sektorunun inkişafı, üçüncü sessiya isə qeyri-neft sektorunda (maliyyə, nəqliyyat, İKT, aqrosənaye və turizm) həyata keçirilən layihələr və onların dünya bazarlarında irəliləyişi mövzusunu əhatə edəcək.
IV Beynəlxalq “Caspian Energy Forum-2017”nin sponsorları “Cross Caspian Oil and Gas Logistics LLC”, “PolyMart” və “R.İ.S.K.” Elmi-İstehsalat Şirkəti, partnyorları “Asia Express & OCS, DSV”, “Azpetrol Ltd.” MMC, SİNAM və “AzMetco” ASC-dir.