REGİONLAR
“AzNar” QSC-nin kollektivi düşmənlə üz-üzə dayanan əsgərlərə bayram sovqatı aparıb
Göyçay, 23 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayonunda fəaliyyət göstərən “AzNar” QSC-nin nar emalı müəssisəsinin kollektivi 26 İyun - Silahlı Qüvvələr Günü və Ramazan bayramı münasibətilə Bərdə və Tərtər rayonlarındakı “N” saylı hərbi hissələrə bayram sovqatı aparıb.
AZƏRTAC xəbər verir ki, Rusiyada yaşayan azərbaycanlı iş adamı, “AzNar” QSC-nin sahibi Fərhad Əhmədovun təşəbbüsü ilə keçirilən bu nəcib aksiyası zamanı nar emalı zavodunun meyvə şirələri, eləcə də qoyun əti, müxtəlif ərzaq məhsulları və bayram şirniyyatları cəbhə bölgəsindəki hərbi hissələrə çatdırılıb. Qida məhsulları ön xətdə düşmənlə üz-üzə dayanan əsgərlərə paylanılıb.
“AzNar” QSC-nin baş direktoru Teymur Əhmədov cəbhə bölgəsində Vətənin keşiyində ayıq-sayıq dayanan zabit və əsgərləri bayram münasibətilə təbrik edib, onlara hərbi xidmətlərində uğurlar arzulayıb.