İQTİSADİYYAT
“AzPatent”ə patent ekspertizası ilə bağlı 190 iddia sənədi daxil olub
Bakı, 16 yanvar, AZƏRTAC
2016-cı il ərzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinə (AzPatent) patent ekspertizası ilə bağlı 190 iddia sənədi daxil olub.
Bu barədə AZƏRTAC-a komitənin mətbuat xidmətindən açıqlama verilib.
İddia sənədləri üzərində Azərbaycan Respublikasının “Patent haqqında” Qanununun 27-ci və 29-cu maddələrinə uyğun olaraq ekspertiza aparılıb.
Qəbul edən idarə kimi hesabat ili ərzində ixtiralara aid beynəlxalq iddia sənədləri, onların formal ekspertizası və Beynəlxalq Büroya, Ümumdünya Əqli Mülkiyyət Təşkilatına, Beynəlxalq Axtarış Orqanına, Beynəlxalq İlkin Ekspertiza Orqanına, eləcə də Avrasiya Patent İdarəsinə təqdim edilməsi ilə bağlı işlər yerinə yetirilib.
Məlumata əsasən, Patent Kooperasiyası haqqında Müqavilə (PCT) çərçivəsində 7 beynəlxalq iddia sənədi daxil olub, iddia sənədi toplusu yoxlanılaraq, 4 iddia sənədi Beynəlxalq Büroya göndərilib.
Avrasiya Patent Konvensiyası çərçivəsində isə Avrasiya patenti almaq üçün 31 iddia sənədi qəbul olunub. Ötən ildən ekspertiza mərhələsində olan iddia sənədləri də daxil olmaqla 33 iddia sənədi toplusu Avrasiya Patent İdarəsinə göndərilib.
Bundan başqa, il ərzində əmtəə nişanının ekspertizası məqsədilə 1593, coğrafi göstəricinin ekspertizası məqsədilə 6 iddia sənədi “AzPatent”ə daxil olub.
Əmtəə nişanlarına dair 1054 ilkin ekspertiza bildirişi, 1431 əmtəə nişanının qeydiyyata alınması üçün iddia sənədinin baxılmağa qəbul edilməsi haqqında arayış, 74 ekspertiza sorğusu, 1524 əmtəə nişanının qeydiyyata alınması haqqında qərar, 142 əmtəə nişanının qeydiyyata alınmasına qarşı imtina bildirişi, 73 əmtəə nişanının qeydiyyata alınmasına qarşı imtina qərarı, 6 coğrafi göstəricinin qeydiyyata alınması üçün iddia sənədinin baxılmağa qəbul edilməsi haqqında arayış, 1 coğrafi göstəricinin qeydiyyata alınması haqqında qərar tərtib edərək iddiaçılara təqdim edilib.