ELM VƏ TEXNOLOGİYA


“AzScienceNet” elm-kompüter şəbəkəsinin İnternet Xidmətləri Mərkəzi açılıb

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında “AzScienceNet” elm-kompüter şəbəkəsinin (EKŞ) İnternet Xidmətləri Mərkəzinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları mərkəzin şəbəkə infrastrukturunun inkişafı və texniki xidmət, şəbəkə sistemləri, audio-video texnologiyalar, elmi araşdırmalar və innovativ texnologiyalar sektorlarında yaradılmış innovativ şəraitlə tanış olublar.

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev ölkəmizdə elektron elmin şəbəkə platforması olan “AzScienceNet” EKŞ-nin təqdim etdiyi imkanlar barədə məlumat verib.

Bildirilib ki, bu şəbəkə AMEA-nın elmi müəssisə və təşkilatlarının Avropanın elm və təhsil şəbəkələri mühitinə inteqrasiyasını, müvafiq beynəlxalq qurumlarla əlaqələrini, dünyanın nüfuzlu elmi bazalarının elektron resurslarından istifadəsini, həmçinin böyük həcmli informasiyanın internet üzərindən mübadiləsini təmin edərək elm və təhsil şəbəkələri üzrə milli operator funksiyasını yerinə yetirir.

İndiyədək AMEA-nın elmi müəssisə və təşkilatlarına məxsus 6500-dək kompüter avadanlığının “AzScienceNet” şəbəkəsinə qoşulduğunu deyən R.Əliquliyev bu şəbəkənin texniki imkanlarının genişləndirilməsi nəticəsində hazırda onun hesablama gücünün 15 Tflops, xarici yaddaşının həcminin 400 Tbayt-a bərabər olduğunu, internetə qoşulma sürətinin isə 1,41 Gbit/s-ə çatdırıldığını vurğulayıb.

R.Əliquliyev qeyd edib ki, “AzScienceNet” dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri quraraq AMEA-nın əməkdaşlarının dünyanın elm və təhsil şəbəkələrinin təqdim etdiyi imkanlardan faydalanmalarına şərait yaradır, bunun nəticəsində alimlərin öz tədqiqatlarında böyük həcmli verilənlərdən birgə istifadə etmələrinə və irimiqyaslı elmi layihələrin həyata keçirilməsinə imkan yaranır.

İnformasiya Texnologiyaları İnstitutu direktorunun texnologiyalar üzrə müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov mərkəzdə AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşlarına təqdim olunan xidmətlər barədə məlumat verib.

Bildirilib ki, şəbəkədə elektron-elmin əsas məqsədlərindən olan AMEA-nın institut və təşkilatları, eləcə də respublikanın digər elmi qurumlarının fəaliyyətinin İKT-nin tətbiqi ilə yenidən qurulması, elmin informasiya təminatının yaradılması, elmi fəaliyyətdə İKT-nin tətbiqi, kadr hazırlığı və digər istiqamətlərdə tədbirlərin həyata keçirilməsinə dəstək göstərilir. Bu tədbirlər çərçivəsində ölkədaxili şəbəkələrlə əlaqələrin yaradılması e-elmin respublikanın elmi qurumlarını tam əhatə etməsinə imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.