ELM VƏ TƏHSİL
AzTU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub
Bakı, 30 dekabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AzTU-nun rektoru, professor Havar Məmmədov həmrəylik gününün əhəmiyyətini diqqətə çatdırıb. Rektor dahi rəhbər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün respublikamızda və digər ayrı-ayrı ölkələrdə geniş qeyd olunduğunu bildirib.
Müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışan H.Məmmədov Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulayıb. Rektor ölkəmizdə iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin inkişaf etdiyini xatırladaraq, xalqımızın nurlu sabahına inamını ifadə edib, əlamətdar gün münasibətilə müəllim və tələbələri təbrik edib.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə müstəqil dövlətimizin yaranmasında və inkişafında müdrik rəhbər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib.
Ümummilli lider Heydər Əliyevin siyasəti nəticəsində Qərbin iri neft şirkətləri ilə uğurlu danışıqlar aparılaraq 1994-cü il sentyabrın 20-də bütün dünyada “Əsrin müqaviləsi” adı ilə tanınmış neft kontraktının imzalandığını xatırladan akademik Z.Səmədzadə ölkəmizin tərəqqisində neft müqaviləsinin rolunu diqqətə çatdırıb.
Prezident İlham Əliyevin apardığı siyasətin əhəmiyyətindən danışan akademik Azərbaycanın dinamik inkişaf etdiyini vurğulayıb.
Sonra tələbələr maraqlı ədəbi-bədii kompozisiya nümayiş etdirib.