ELM VƏ TƏHSİL
AzTU-da LMPH TEMPUS layihəsi üzrə monitorinq keçirilib
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU) bu ali məktəbin əlaqələndiriciliyi ilə yerinə yetirilən, Avropa Birliyinin “Gürcüstan, Azərbaycan və Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana menecmenti üzrə bakalavr-magistr hazırlığı” layihəsi üzrə monitorinq keçirilib.
AzTU-dan AZƏRTAC-a bildiriblər ki, layihədə iştirak edən tərəfdaşlarla birgə keçirilən monitorinqi Azərbaycanda Milli “Erasmus+” ofisinin rəhbəri Pərviz Bağırov təşkil edib.
Layihənin regional texniki direktoru, Əməkdar Elm Xadimi, professor Həsən Hüseynov görülən işlərin nəticələrini qeyd edib. Bildirilib ki, layihə çərçivəsində 30 xarici ölkənin ali məktəbləri, 34 beynəlxalq təşkilat və şəbəkə ilə əlaqələr qurulub, əməkdaşlıq müqavilələri imzalanıb.
Turizm infrastrukturunun inkişafı, beynəlxalq standartlara uyğun turizm xidmət sahələri dairəsinin genişləndirilməsi və bu sahədə rəqabətin artırılması istiqamətində keçirilən tədbirlərin uğurla başa çatdığı qeyd olunub.
Monitorinqdə Fransanın GIP FIPAG şirkətinin əməkdaşı, professor Jan-Noel Pachoud, layihə üzrə tərəfdaş qurumların əməkdaşları iştirak ediblər.
Toplantıda üç il ərzində layihə çərçivəsində görülən işlərin nəticələri barədə məlumat verilib, görüləcək işlərin strateji planı müzakirə olunub.