REGİONLAR
“Az-Granata”nın ixrac coğrafiyası: Rusiya, ABŞ, Kanada, Almaniya, Fransa, Yaponiya, Çin...
Bakı, 24 aprel, Ceyhun Rüstəmov, AZƏRTAC
Respublikada qeyri-neft sektorunun inkişaf etdirilməsi, ixracın şaxələndirilməsi bu gün dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. İxrac potensialı böyük olan sahələrdən biri də aqrar sektordur. Ölkədə ərzaq bolluğunun yaradılmasında, həm də ixrac potensialının artırılmasında kənd təsərrüfatının bir qolu olan meyvəçilik böyük paya malikdir. Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində bu barədə danışan Prezident İlham Əliyev qeyd edib ki, ixracı artırmaq üçün, ilk növbədə, daxili tələbat tam ödənilməlidir. Meyvə-tərəvəz və digər məhsulların ixracı üçün indidən planların qurulmasının vacibliyini diqqətə çatdıran dövlətimizin başçısı müəssisələrin qarşısında iki məqsədin dayanmalı olduğunu bildirib: həm daxili tələbat ödənilməli, həm də ixrac imkanları olmalıdır.
“Az-Granata”: istehsal və emalın vəhdəti uğur gətirir
Ölkəmizdə məhsul bolluğunun, həmçinin ixrac potensialının yaradılmasında özünəməxsus rolu olan müəssisələrdən biri də Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından “Az-Granata” MMC-dir. Müəssisə meyvə şirəsi, konsentrat və kompot ilə yanaşı, şərab məhsulları da istehsal edir. Zavod meyvə qəbulu və emalı, konsentrat hazırlanması, aseptik çənlər, şüşə dolumu və qablaşdırılması, tetra pak dolumu və qablaşdırılması bölmələrindən ibarətdir. Saatda 12 ton meyvə şirəsi istehsal etmək gücünə malik olan zavodun illik potensialı 100 milyon qablaşdırma təşkil edir.
“Az-Granata” MMC–nin icraçı direktoru Rövşən Fərhadov AZƏRTAC-a müsahibəsində bildirib ki, zavod İsveç, İtaliya, Almaniya, Fransa, Bolqarıstan və Türkiyə istehsalı avadanlıqlarla təchiz olunub. MMC artıq bir neçə ildir ki, daxili və xarici bazarlarda fəaliyyətini uğurla davam etdirir. Müəssisənin 500-dək ixtisaslaşmış daimi işçi heyəti var və eyni zamanda, 300-dən çox insan mövsümi işə cəlb olunur.
Müəssisənin məhsulları ölkədaxili və xarici müştərilərin seçilən brendinə çevrilib. Yüksək keyfiyyətli xammal ehtiyacını ödəmək üçün Ağsu rayonunda 350 hektar nar, Şamaxı rayonunda isə 400 hektara yaxın üzüm bağları salınıb. Nar bağlarına Almaniyanın “Lacon” firması tərəfindən “BİO” sertifikatı verilib. Dünyanın bir çox ölkəsində orqanik məhsullara yüksək tələbatla əlaqədar müəssisənin ixrac imkanları da genişlənir.
“Az-Granata” MMC brendləşməyə xüsusi diqqət yetirir
MMC-nin meyvə bağlarından yığılan meyvələrin bir qisminin daxili və xarici bazarlarda satışa göndərildiyini, digər bir qisminin isə müəssisədə xammal kimi istifadə olunduğunu vurğulayan Rövşən Fərhadov deyib: “Fəaliyyətimizi bir neçə istiqamətdə qurmuşuq və brendləşməyə xüsusi diqqət yetiririk. Məsələn, meyvə şirələri sahəsində “Frumba”, “Vita1000”, “+more”, spirtli içkilər sahəsində isə “Rubai”, “Kəhrəba”, “Sərkərdə”, “Belıy Volk”, “White Water” brendləri mövcuddur. Daxili bazarda əldə etdiyimiz nailiyyətlər artıq bizdə özünəinam hissi yaradıb. Bunun nəticəsidir ki, keyfiyyətli və rəqabətqabiliyyətli məhsullarımızı ixrac edərək ixracın şaxələndirilməsi siyasətinə öz töhfəmizi vermək istəyirik. Əminəm ki, “Made in Azerbaijan” brendi ilə satılan məhsullarımız dünyanın bir çox yerlərində süfrələrin sevilən dadı olacaq. Artıq bir neçə ildir ki, ixracımız artan tendensiya ilə davam edir. Eyni zamanda, dövlətimizin iş adamlarına yaratdığı imkanlardan və imtiyazlardan faydalanaraq, İqtisadiyyat Nazirliyindən investisiya təşviqi sənədi alaraq zavodumuzun şərabçılıq hissəsini daha da genişləndirmək üçün yeni avadanlıqlar sifariş vermişik”.
“Az-Granata” 20-dən çox ölkəyə məhsul satır
Rusiya, Amerika Birləşmiş Ştatları, Kanada, Almaniya, Fransa, Hollandiya, Belçika, Polşa, Çexiya, Avstriya, Macarıstan, Ukrayna, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Yaponiya, Çin, Bəhreyn, İsrail, Avstraliya... Bu ölkələr “Az-Granata” MMC-nin “Made in Azerbaijan” brendi ilə məhsul satdığı ölkələr sırasında yer alır. Bir sözlə, ixrac coğrafiyasının sürətlə genişlənməsini MMC-də dövlətin həyata keçirdiyi sahibkarlara dəstək mexanizmi ilə əlaqələndirirlər. İxrac sənədləşmələrində aparılan islahatlar da onlardan biridir. Bu islahatlar nəticəsində ixrac üçün sərf olunan zaman da, çəkilən xərclər də azalır.
Qeyri-neft ixracatçılarının respublika müşavirəsinin iştirakçısı olan R.Fərhadov deyib: “Müşavirədə bir daha gördük ki, biz sahibkarlar hər zaman diqqət və qayğı mərkəzindəyik. Prezident İlham Əliyev sahibkarların qarşısındakı əngəllərin tamamilə qaldırılması üçün lazımi addımların atılacağını vurğuladı. Müşavirədə idxaldan asılılığın azaldılması və ixrac missiyasının şaxələndirilməsi əsas mövzular idi. Doğrudan da respublikamız idxal olunan bir çox məhsulun yerli istehsalı üçün lazımi xammal və texniki imkanlara malikdir. Dövlətimizin başçısı idxaldan asılı olan bütün sahələrə toxundu və çatışmazlıqları aradan qaldırmaq üçün tapşırıq və tövsiyələrini verdi. Sonra müvafiq qurumların rəhbərləri ilə görüşümüz oldu və burada problemləri müzakirə etdik. Bir sözlə, müşavirə çox səmərəli keçdi və əminəm ki, öz bəhrəsini verəcək”.