REGİONLAR
“Az-Qranata” MMC-nin Ağsu şəhərindəki meyvə şirələri və şərab emalı zavodunda Novruz şənliyi keçirilib VİDEO
Ağsu, 16 mart, AZƏRTAC
“Az-Qranata” MMC-nin Ağsu şəhərindəki meyvə şirələri və şərab emalı zavodunda Novruz şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, 250 nəfərin çalışdığı zavodda Novruz bayramı çoxsaylı qonaqların iştirakı ilə təntənəli surətdə qeyd edilib. Dədə Qorqud və Bahar qızın, kəndirbazın, Kosa və Keçəlin təbrikləri, məzəli çıxışları, respublikanın tanınan incəsənət ustalarının ifasında muğam və mahnılar tamaşaçılarda xoş bayram ovqatı yaradıb.
Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Aşıqlar Birliyinin katibi aşıq Ağamuradın, Əməkdar Mədəniyyət işçisi Sərdar Əvəzoğlunun və başqalarının oxuduqları xalq mahnıları, Ağdaşdan olan kəndirbaz Məhəmməd Paşayevin kəndir üstündə həyəcanla izlənən hərəkətləri alqışlarla qarşılanıb.
Qeyd edək ki, 12 hektar ərazisi olan zavod Cənubi Qafqazın ən iri istehsal müəssisələrindəndir. Saatda 12 ton meyvə şirəsi istehsal etmək gücündədir. İllik istehsal gücü isə 100 milyon qablaşdırma təşkil edir. Məhsulları Almaniya, Amerika, Çin, Yaponiya, Polşa, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrə ixrac olunur.