REGİONLAR
“Az-Qranata” MMC-yə məxsus zavodda yeni süzmə sexi və anbar tikilir
Ağsu, 30 iyul, Adil Ağayev, AZƏRTAC
Ağsuda regionun ən iri istehsal müəssisəsi olan, illik istehsal gücü 5 milyon 384 min litrə çatan “Az-Qranata” MMC-nin meyvə şirələri və şərab emalı zavodunda genişləndirmə işləri aparılır.
AZƏRTAC xəbər verir ki, zavod üçün inşa olunan yeni süzmə sexinin və anbarın tikintisində artıq son tamamlama işləri görülür. 2670 kvadratmetr ərazisi olan süzmə sexi iki mərtəbədən ibarətdir. Anbar isə birmərtəbəlidir və 1360 kvadratmetr sahəsi var. Artıq inşası başa çatdırılan süzmə sexi və anbar üçün avadanlıqların bir qismi də gətirilib. Avadanlıqlar xarici ölkələrdən alınıb və ən müasir, yüksək keyfiyyətli texnologiyalara malikdir.
Qeyd edək ki, zavodda 23 adda meyvə şirəsi və 20-dən çox adda spirtli içki istehsal olunur. Bu məhsullar dünyanın 21 ölkəsinə ixrac edilir.