REGİONLAR


“Az-Qranata”nın məhsulları xarici bazarlarda da tanınır VİDEO

A+ A

Ağsu, 29 oktyabr, Adil Ağayev, AZƏRTAC

Beş il bundan əvvəl Ağsuda fəaliyyətə başlayan “Az-Qranata” MMC-nin meyvə şirələri və şərab emalı zavodu ötən dövrdə uğurlu yol keçib. Bu gün Cənubi Qafqazda ən böyük istehsal müəssisələrindən birinə çevrilən MMC-də istehsal edilən məhsullar əsasən Almaniya, ABŞ, Çin, Yaponiya, Polşa, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrə ixrac olunur.

AZƏRTAC xəbər verir ki, ən müasir texnoloji avadanlıqlarla təchiz edilən zavod mövsüm ərzində 10 min ton meyvə və 5 min ton üzüm qəbulu, saatda 12 ton meyvə şirəsi istehsalı gücündədir. İllik istehsal gücü isə 100 milyon qablaşdırmadır.

Zavodda 2013-cü ildən sənaye üsulu ilə Azərbaycanın qədim spirtsiz içkisi olan “Abqora” (kal üzüm şirəsi və ya qora suyu) istehsalına başlanılıb. Müəssisənin Şotlandiya texnologiyasına uyğun hazırlanan “Whisky”, meyvə və giləmeyvə likör şərabları, Azərbaycanda ilk dəfə olaraq qazlaşdırılmış nar şərabı, “Badikubə” muskat rakiyası, keçi südü əsasında istehsal edilən spirtli içkilər, şirə və şərab məhsulları nəinki respublikamızda, xarici bazarlarda da tanınır.

Hazırda “Az-Qranata”nın 400 hektar üzüm plantasiyası, 300 hektar nar bağı var. MMC-də markalı və kolleksiya şərablarının istehsalı istiqamətində də işlər görülür. Bunun üçün 12 hektar ərazisi olan istehsal müəssisəsində yeni şərab sexi inşa edilir.

İki yüz əlli nəfərin çalışdığı zavodun keçdiyi beş illik uğurlu yol oktyabrın 29-da çoxsaylı qonaqların, tanınmış musiqiçilərin iştirakı ilə təntənəli surətdə qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.