REGİONLAR


“Az-Roza” MMC: gül idxalından asılılığı azaldacağıq VİDEO

Xırdalan, 13 iyun, Ətrabə Rzayeva, AZƏRTAC 

Hələ sovet dövründə – XX əsrin 70-ci illərində Abşeron rayonunda gülçülük sovxozları fəaliyyət göstərirdi. Onlar həm Azərbaycanı, həm də SSRİ-ni gül ilə təmin edirdi. Lakin sonralar təsərrüfatın bu sahəsi unudulmağa başladı. Bu gün Azərbaycanda gülçülüklə məşğul olan təsərrüfatların sayı elə də çox deyil. Lakin son illərdə sahibkarlara yaradılan əlverişli şərait, gülçülüyün yüksək gəlir gətirməsi bu sahəyə marağı yenidən artırıb.

“Az-Roza” MMC: gün ərzində 6 minə yaxın gül dərilir

AZƏRTAC xəbər verir ki, Abşeron rayonunda Zirə südçülük sovxozunun ərazisindəki yeni gülçülük təsərrüfatı respublikamızda sahibkarlar üçün yaradılan əlverişli şəraitdən bəhrələnərək uğurla fəaliyyət göstərməkdədir. Hazırda 15 min kvadratmetr sahəsi olan “Az-Roza” MMC gülçülük təsərrüfatının təməli ötən il qoyulub. İstixanada 28 növdə 15 rəngdə qızılgül becərilir. Gün ərzində bu təsərrüfatdan 6 minə yaxın gül dərilir. Hazırda burada 30-a yaxın işçi çalışır.

Gül şitilləri əsasən Ukraynadan gətirilir və 3 aydan sonra onlardan məhsul götürülür. Bir kvadratmetrdən il ərzində 150-170 gül yığılır.

Əsas məqsəd Azərbaycanda gülçülüyü inkişaf etdirməkdir

“Az-Roza” MMC–nin direktoru Əliş Abbasov bildirib ki, əsas məqsəd Azərbaycana sərmayə yatırmaq və iqtisadiyyatın bu sahəsini xarici asılılıqdan azaltmaqdır: “Respublikada sahibkarlara əlverişli şərait yaradılıb. Vergilərdən, gömrük rüsumlarından azadıq. Yaranmış münbit şəraitdən istifadə edərək təsərrüfatımızı daha da genişləndirəcəyik”.

Yeni müasir istixanalar qurulur

Ərazidə yeni istixanalar qurulmaqdadır. 35 min kvadratmetr sahəni əhatə edən tikinti işləri ilin sonunadək yekunlaşmalıdır. Bununla da MMC-nin istixanalarının sahəsi 50 min kvadratmetrə çatacaq. “Əsasən qızıl güllərə və Holland sortu olan gerber növünə üstünlük veriləcək. İstixanada Hollandiya texnologiyası quraşdırılıb. Bu ölkə dünyada parnik istehsalı üzrə ilk beşlikdə yer alan dövlətlərdən biridir və keyfiyyətli, ən müasir istixanalar istehsal edir. MMC-də çalışan işçilərin hamısı yaxın kəndlərdən gəlib işləyənlərdir”, - deyə Əliş Abbasov vurğulayıb.

Təsərrüfat tam gücü ilə işlədikdə burada 120 yeni iş yeri açılacaq. Kompleks tam istifadəyə verildikdən sonra Azərbaycana xaricdən gül gətirməyə ehtiyac qalmayacaq və gül idxalından asılılıq azalacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.