İQTİSADİYYAT


Azad Cavadov: Ləğv edilən 4 bank üzrə kompensasiya olunan əmanətlər 126,9 milyon manatdır

A+ A

Bakı, 22 iyul, AZƏRTAC

"Dekabank" ASC, "Kredobank" ASC, "Zaminbank" ASC və "Parabank" ASC üzrə ümumilikdə kompensasiya olunan əmanətlər 126 milyon 956 min manat təşkil edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov iyulun 22-də keçirdiyi mətbuat konfransında məlumat verib. O deyib ki, "Parabank" ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin cəmi 103 milyon 969 min, qorunan əmanətlərin cəmi 61 milyon 949 min, kompensasiya olunan əmanətlər isə 54 milyon 885 min təşkil edir. Bank üzrə qorunan əmanətçilərin sayı 26 min 324 nəfərdir. "Zaminbank" ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin cəmi 53 milyon 632 min, qorunan əmanətlərin cəmi 53 milyon 631 min, kompensasiya olunan əmanətlər isə 36 milyon 350 min təşkil edir. Qorunan əmanətçilərin sayı 10 min 742 nəfərdir.

A.Cavadov deyib ki, "Kredobank" ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin cəmi 24 milyon 272 min, qorunan əmanətlərin cəmi 20 milyon 956 min, kompensasiya olunan əmanətlər isə 32 milyon 914 min təşkil edir. Bank üzrə qorunan əmanətçilərin sayı 3 544 nəfərdir. "Dekabank" ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin cəmi 5 milyon 585 min, qorunan əmanətlərin cəmi 3 milyon 767 min, kompensasiya olunan əmanətlər isə 2 milyon 807 min təşkil edir. Qorunan əmanətçilərin sayı 133 nəfərdir.

"Lisenziyaları ləğv olunan 4 bank Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və onlara verilmiş şəhadətnamə ləğv edilib. Hazırda fonda üzv bankların sayı 33-dür", - deyə A.Cavadov əlavə edib.

A.Cavadov deyib: “Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin diqqətinə çatdırır ki, fondun Himayəçilik Şurasının bu il martın 1-də keçirdiyi iclasında qəbul olunmuş qərara (Protokol № 66) əsasən 2016-cı il martın 2-dən etibarən üzv banklarda yeni qəbul edilən əmanətlər üzrə illik faiz dərəcəsi xarici valyutada 3 faizdən və milli valyutada 12 faizdən yuxarı olarsa, bu əmanətlər ƏSF tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir”.

O bildirib ki, bu il martın 1-də qüvvəyə minən "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan fondun iştirakçı banklardakı əmanətlər 3 il müddətində tam sığortalanır.

Qeyd edək ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən, "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin bank lisenziyaları ləğv olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.