İQTİSADİYYAT
Azad Ticarət Zonası layihəsinin uğurla nəticələnməsi üçün Azərbaycanda hər cür şərait var
Bakı, 22 noyabr, Elvin Camalov, AZƏRTAC
Bakı Limanı Azad Ticarət Zonası tipli xüsusi iqtisadi zonanın yaradılması üçün çox əlverişli yerdir və burada biznes mühitinin inkişafı üçün hər cür şərait var.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azad Ticarət Zonaları və iqtisadi inkişaf sahəsi üzrə ingiltərəli mütəxəssis Toni Paul Restall jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 30 ildir bu sahədə çalışan bir mütəxəssis kimi Ələt qəsəbəsində yerləşən Bakı Limanının ərazisində yaradılan Azad Ticarət Zonasının Azərbaycana iqtisadi uğur gətirəcəyini söyləyə bilər. Çünki bu zonanın yerləşmə mövqeyi, Bakının müasir və rahatlığı, enerji və neft yataqlarının olması bu işdə mühüm əhəmiyyət kəsb edir.
T.Restallın sözlərinə görə, Azərbaycan başqa ölkələrin təcrübəsindən və öz imkanlarından yararlanaraq bu layihəni uğurla həyata keçirəcək: “Ancaq mən bu işdə əsas amili vurğulamaq istəyirəm. Layihənin uğurla həyata keçməsində puldan daha önəmli bir faktor var. Bu da ölkə rəhbərinin necə olmasıdır. Mən əminliklə deyə bilərəm ki, Azərbaycanın bəxti gətirib ki, ölkə başçısı uzaqgörən və təcrübəli siyasi xadimdir. Bu işin müsbət nəticələnməsində onun qərarları əsas rol oynayır. Bu da mənə Azad Ticarət Zonasının uğurlu olacağını deməyə əsas verir”.