İQTİSADİYYAT
“Azal Arena”da keçirilən yarışları izləmək üçün xüsusi ekspress xətt fəaliyyətə başlayıb
Bakı, 11 may, Elvin Camalov, AZƏRTAC
Mayın 11-də IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən “Azal Arena”da keçirilən futbol yarışlarını izləmək istəyən tamaşaçıların, könüllülərin və digər şəxslərin rahat daşınmasını təmin etmək üçün xüsusi ekspress xətt fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, bu xətt üzrə avtobuslar metronun “Koroğlu” stansiyasının qarşısından “Azal Arena”ya, eləcə də əks istiqamətdə hərəkət edir. Bu məqsədlə 15 nəqliyyat vasitəsi ayrılıb.
M.Ağayevin sözlərinə görə, həmçinin mayın 11-də keçirilən idman yarışları ilə əlaqədar Baku Crystal Hall, “Bayıl Arena” və Sərhədçi Olimpiya İdman Kompleksi istiqamətindən hərəkət edən marşrut xətləri üzrə nəqliyyat vasitələrinin sayı artırılıb.