CƏMİYYƏT
Azarkeşlər zəlzələ törədir?
Bakı, 23 yanvar, AZƏRTAC
ABŞ-da seysmoloqlar zəlzələni öyrənmək üçün futbol azarkeşlərindən istifadə ediblər.
İndiki yüksək texnologiyalar əsrində belə zəlzələlər alimlər üçün böyük sirr olaraq qalır. Bu fenomen öyrənilməsinin mürəkkəbliyi ondadır ki, hələ də zəlzələləri proqnozlaşdırmaq mümkün deyil.
Amerikalı seysmoloqların köməyinə isə futbol azarkeşləri gəliblər. Məlumdur ki, ABŞ-da çoxlu sayda futbol həvəskarları yaşayır. Bu ilin yanvar ayında iki məşhur “Seattle Seahawks” və “Green Bay Packers” komandalarının oyunu keçirilib. Bu hadisə tədqiqat üçün kifayət qədər zəngin material verib. Hələ 2011-ci ildə tədqiqatçılar bildirmişdilər ki, matçın ən gərgin anlarında iki bal gücündə təkan baş verə bilər. Oyundan əvvəl şəhər stadionunda xüsusi sayğaclar quraşdırılıb. Sayğaclar bir neçə saniyə ərzində yeraltı təkanı ölçməyə imkan verən proqramla təchiz olunub. Matçın sonuna yaxın hər şey seysmoloqların gözlədikləri kimi oldu. “Seattle Seahawks” komandasının ev stadionunda qələbəsi və azarkeşlərin ayaq tappıltıları süni “zəlzələ” yaradıb.
Əvvəllər İsveç tədqiqatçıları qrunt sularının kimyəvi tərkibinin analizi vasitəsilə zəlzələni proqnozlaşdırmaq üçün çalışıblar. Bunun üçün onlar beş il ərzində quyudan su götürüblər. Təxminən zəlzələdən yarım il əvvəl mayenin kimyəvi tərkibi dəyişib. Amma bu barədə danışmaq hələ tezdir. Seysmoloqlar alınmış nəticələrdən istifadə edərək zəlzələləri öyrənmək üçün daha mürəkkəb sayğaclar və xəbərdarlıq sistemləri yarada bilərlər.