REGİONLAR
“AzerFloat” Sumqayıt Kimya Sənaye Parkının növbəti rezidenti oldu
Bakı, 18 dekabr, AZƏRTAC
Sumqayıt Kimya Sənaye Parkının (SKSP) inkişaf strategiyasına uyğun olaraq, sənayeləşmənin genişləndirilməsi istiqamətində yeni sənaye sahələrinin yaradılması, rəqabətqabiliyyətli, idxalı əvəz edən və ixracyönümlü məhsul növlərinin istehsalının təşkili, yaradılan müəssisələrin ən müasir avadanlıqlarla və innovativ texnologilayalarla təchiz edilməsi, sənaye sahəsində məşğulluğun təmini, sənaye parkının təşviqi və investorların cəlb olunması ilə əlaqədar işlər davam etdirilir.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar parkın idarəedici təşkilatı olan “Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə qanunvericiliyə müvafiq olaraq müraciət etmiş “AzerFloat” QSC-yə SKSP-nın rezidenti statusu verilib. Bununla Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 3-ə çatıb. “AzerFloat” QSC sənaye parkının ərazisində float texnologiyası (isti vannada yayma) əsasında şüşə lövhələrin istehsalı ilə məşğul olacaq.
Layihə çərçivəsində 150 nəfərin çalışacağı və ildə 8 milyon kubmetr müxtəlif çeşiddə şüşə lövhələr istehsal edəcək vərəqə şüşə istehsalı zavodunun inşası nəzərdə tutulur. Burada istehsal olunacaq məhsulların daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici ölkələrə ixracı da nəzərdə tutulur. Qeyd edək ki, hazırda ölkədə vərəqə şüşələrə olan tələbat əsasən idxal məhsulları hesabına təmin edilir.
Yeni yaradılan müəssisənin layihələndirilməsi, onun bu sahəyə aid olan müasir avadanlıqlarla və qabaqcıl texnologiyalarla təchiz edilməsi dünyada şüşə əritmə texnologiyaları sahəsində 125 illik təcrübəyə malik olan Almaniyanın “HORN Glass Industries AG” şirkəti tərəfindən təmin ediləcək.
Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 7 il müddətinə mənfəət vergisindən, əmlak vergisindən, torpaq vergisindən və idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən azad edilirlər.