İQTİSADİYYAT


“AzerGold” ilk qızıl və gümüş ixracını həyata keçirib

Bakı, 11 may, AZƏRTAC

“AzerGold” QSC ilk qızıl və gümüş tərkibli külçələrin ixracını həyata keçirib.

QSC-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanda hasil olunan və dünyaca nüfuzlu İsveçrənin “Argor-Heraus” şirkəti tərəfindən saflaşdırılmış 16.1 min unsiya qızıl və 23.7 min unsiya gümüş beynəlxalq birjaya çıxarılıb. Bu, indiyədək Azərbaycandan birdəfəyə həyata keçirilən ən irihəcimli qiymətli metal ixracıdır. Dövlət şirkətinin satışdan təqribən 20 milyon ABŞ dolları vəsait əldə etməsi gözlənilir.

“AzerGold” QSC ilin sonunadək ümumilikdə 160 min unsiya (70 min unsiya qızıl, 90 min unsiya gümüş) qiymətli metal satışını reallaşdırmağı planlaşdırır. Bu, dünyada hazırkı metal qiymətlərini nəzərə aldıqda QSC-nin ilin sonunadək gəlir kimi 85 milyon ABŞ dollarından çox xarici valyutanı ölkə iqtisadiyyatına daxil etməsi deməkdir.

Qeyd edək ki, “AzerGold” QSC Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı Sərəncamla təsis edilib. Cəmiyyətin fəaliyyəti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə səciyyələnir. Onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.