SİYASƏT
AzərTAc Londonda keçiriləcək beynəlxalq konfransa informasiya dəstəyi verəcək VİDEO
Noyabrın 26-da Londonda “Eurasian Dynamics” şirkətinin təşkilatçılığı ilə “Mərkəzi Asiya və Azərbaycan enerji ayrıcında” mövzusunda beynəlxalq konfrans təşkil olunacaq.
Konfrans Azərbaycan Dövlət Teleqraf Agentliyi (AZƏRTAC), Interfax və Bloomberg agentlikləri, “Avropa Enerji”, “Neft və Qaz Texnologiyası”, “Müstəqil Kimyəvi İnformasiya Xidməti” (ICIS), “NRG Expert” və digər nüfuzlu xəbər portallarının informasiya dəstəyi ilə keçiriləcək.
Mərkəzi Asiya və Azərbaycanda dəyişən enerji mənzərələri haqqında təhlillərin aparılacağı konfransda mövzu ətrafında balanslaşdırılmış təqdimatların keçirilməsi, Britaniyadan, Mərkəzi Asiyadan və Azərbaycandan aparıcı ekspertlərin iştirakı ilə panel müzakirələrin aparılması planlaşdırılır.
Regionun dinamikası beynəlxalq aləmin diqqətini xüsusilə enerji və maliyyə tərəfdaşlığı cəhətdən əhəmiyyətli dərəcədə cəlb edir.
Azərbaycanda mövcud enerji layihələri barədə yeniliklər, Çin, Rusiya və Qazaxıstanın Mərkəzi Asiyada enerji sahəsindəki rolu və s. mövzular konfransda diqqət mərkəzində olacaq.
Aşağıdakı linkə daxil olmaqla konfrans haqqında daha ətraflı məlumat almaq və qeydiyyatdan keçmək mümkündür: http://www.eurasiandynamics.com/energy-crossroads.html
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London