CƏMİYYƏT
AzərTAc-da çalışan gənc əməkdaşlara hər zaman yüksək etimad göstərilir
Bakı, 31 yanvar, AZƏRTAC
Azərbaycanda gənclərə yüksək diqqət və qayğı göstərilir. Ölkəmizdə gənclərin inkişafı üçün hər cür şərait yaradılıb.
Bu fikirlər yanvarın 31-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AZƏRTAC) 2 fevral - Gənclər Günü münasibətilə keçirilən tədbirdə səsləndirilib.
AZƏRTAC-ın gənc əməkdaşları çıxış edərək bildiriblər ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətdə gənclərə qayğı önəmli yer tutur. Məhz onun təşəbbüsü və ideyası əsasında Azərbaycanda Gənclər Günü təsis olunub. Bu gün Azərbaycan gəncliyinin sağlam, vətənpərvər ruhda yetişməsi üçün çox vacib addımlar atılır.
Qeyd olunub ki, bu gün ölkəmizdə dövlət strukturlarında, eləcə də AZƏRTAC-da çalışan əməkdaşların əksəriyyəti gənclərdir. Onlara hər zaman etimad göstərilir, gənclər yüksək vəzifələrə irəli çəkilirlər.
Çıxışlarda Prezident İlham Əliyevin “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq olunması ilə bağlı imzaladığı Sərəncamın əhəmiyyətindən danışılıb. Qeyd edilib ki, bu sənəd Azərbaycan gəncliyinə daha da inkişaf etmək, peşəkar kadr kimi yetişmək üçün əlavə imkanlar yaradacaq. Buna görə də gənclər Azərbaycan Prezidentinin diqqət və qayğısının məsuliyyətini dərindən dərk edərək milli maraqlarımızın müdafiəsi naminə daim inkişafa can atmalıdırlar.
Çıxış edənlər Azərbaycanda gənclərə göstərilən diqqət və qayğıdan danışıb, ölkə rəhbərliyinə, xüsusilə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Azərbaycan Gəncləri Günü münasibətilə AZƏRTAC-ın bir qrup gənc əməkdaşı agentliyin həmkarlar ittifaqı komitəsinin dəstəyi ilə Qobustan Milli Tarix-Bədii Qoruğuna ekskursiya edəcək.